Əmənətçilər pullarını Abdolbari Gözəlin bankından geri çəkir

OXUNUB: 567 İQTİSADİYYAT BANK
"Azərbaycan Sənaye Bankı" ASC (ASB) 2021-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 1.113 milyon manat xalis mənfəətlə başa vurub. Bank ötən ilin eyni dövrünü 3.368 milyon manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, ASB-nin xalis mənfəəti 3 dəfə azalıb. Mənfəətin azalmasının səbəbləri faiz gəlirlərinin azalması və bu il ehtiyatdan vəsaitin azad olmaması, əksinə ehtiyata ayırma edilməsilə əlaqədardır.

2020-ci ilin yanvar-iyun dövründə 16.132 milyon manat təşkil etmiş faiz gəlirləri 2021-ci ilin eyni dövründə 14.359 milyon manata düşüb (1.773 milyon manat və ya 11% azalıb). Qeyri-faiz gəlirləri isə 2.780 milyon manatdan 2.964 milyon manata yüksəlib (184 min manat və ya 6.6% artıb).

2021-ci ilin ilk 6 ayında "Azərbaycan Sənaye Bankı"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 17.323 milyon manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 15.444 milyon manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1.879 milyon manat təşkil edib. Bank əməliyyat mənfəətindən 483 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb, 283 min manat mənfəət vergisi ödəyib. Beləliklə, "Azərbaycan Sənaye Bankı" ilk 6 ayı 1.113 milyon manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, 2020-ci ilin ilk 6 ayında ASB-nin cəmi əməliyyat gəlirləri 18.913 milyon manat, cəmi əməliyyat xərcləri 15.521 milyon manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 3.392 milyon manat təşkil etmişdi. Eyni zamanda, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olmuş 805 min manat mənfəətə əlavə edilmiş və mənfəət 4.198 milyon manata yüksəlmişdi. Bank 830 min manat mənfəət vergisi ödədiyindən həmin dövrü 3.368 milyon manat xalis mənfəətlə bağlamışdı.

KREDİTLƏR AZALIB

30 iyun 2021-ci il tarixində ASB 864.683 milyon manat cəmi aktivlərə, o cümlədən 256.059 milyon manat kredit portfelinə malik olub. Bank 2020-ci ilin sonunda 911.504 milyon manat cəmi aktivlərə və 316.991 milyon manat kredit portfelinə malik idi. Aktivlərin azalması Mərkəzi Bankda müxbir hesabın, "Nostro" hesabların və müştərilərə verilmiş kreditlərin azalması ilə əlaqədardır.

50 MİLYON MANAT DEPOZİT İTİRİB

İlk 6 ayda ASB-nin digər banklardakı depozitləri 51.618 milyon manata artaraq 495.656 milyon manata çatıb. Ötən ilin sonunda Bankın digər banklardakı depozitləri 444.038 milyon manat təşkil etmişdi.

Ötən ilin sonunda ASB-dəki depozitlər (depozit portfeli) 639.932 milyon manat ikən, 30 iyun 2021-ci il tarixinədək 590.119 milyon manata düşüb.

KAPİTALI 100 MİLYON MANATDAN ÇOXDUR

30 iyun 2021-ci il tarixində ASB 100.546 milyon manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 101.528 milyon manat məcmu kapitala malik idi.

"Azərbaycan Sənaye Bankı" 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252 %-i "Anadolu Investment Company” MMC-yə, 1 %-i Leyla Goozal Kurta, 0,5748 %-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur./Marja.az

RƏYLƏR