Ermənistanda “məxməri inqilab” yetişir – AÇIQLAMA

OXUNUB: 626 SİYASƏT
Ermənistanda ictimai-siyasi vəziyyət yenidən gərginləşib. İrəvanda keçirilən mitinqin lideri, parlamentin üzvü Nikol Paşinyan "Fransa” meydanında çıxışı zamanı "məxməri inqilab”ın başlandığını elan edib. Bəs, Ermənistanda "məxməri inqilab”ı reallaşdırmaq mümkün olacaqmı? Yoxsa 2008-ci il 1 mart hadisəsi təkrarlanacaq?
 
Məsələylə bağlı fikirlərini BNEWS.az-la bölüşən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistanda kriminal-işğalçı hakimiyyət İrəvanda baş qaldıran etiraz dalğasını beşiyindəcə boğmaq üçün əlindən gələni edəcək: "Serj Sarkisyan Ermənistanın 3-cü prezidenti seçiləndə insanlar buna etiraz edirdi. Məhz vəziyyətdən çıxış yolu kimi, S. Sarkisyan 2008-ci il mart ayının 1-dən 2-nə keçən gecə dinc insanlara qarşı atəş açmaq əmrini verdi. Nəticədə həmin gün baş verən qanlı toqquşmada 10 nəfər dinc sakin öldü, 200 nəfər müxtəlif dərəcədə bədən xəsarət aldı, daha 100 nəfər isə həbs edildi”.

Elxan Şahinoğlunun sözlərinə görə, S. Sarkisyan başa düşür ki, devrilsə onu məhkəmə gözləyir: "S. Sarkisyan həm Azərbaycan, həm də öz xalqı qarşısında  törətdiyi cinayətlərdə əli var. Ona görə də heç bir halda S. Sarkisyan hakimiyyətdən getməyəcək. N. Paşinyan isə etiraz aksiyasının əhatə dairəsini genişləndirməyə çalışacaq. Hadisələr bu məcrada davam etsə, İrəvanda etiraz aksiyaları genişlənsə, hakimiyyətin dəyişilmə ehtimalı artsa, onda S. Sarkisyan bunun qarşını almaq üçün hərbi və polis qüvvələrindən istifadə edəcək. İrəvanda keçirilən etiraz aksiyaları bir halda nəticə verə bilər ki, polis və hərbi qüvvələr xalqın tərəfinə keçsin. Bu baş verməyəcəyi halda etirazçılara qarşı kütləvi qətliyamlar törədilə bilər”.
 
İcmal.Az

RƏYLƏR