Ermənistanda rusiyalı əsgərin qətlində İŞİD izi

OXUNUB: 585 DÜNYA

Ermənistanda rusiyalı hərbi qulluqçunu qətlə yetirməkdə təqsirli bilinən şəxs İŞİD terrorçu qruplaşmasına biət etmiş şəxslərlə internet üzərindən əlaqə qurub.

Bu barədə  Ermənistan Milli Təhlükəsizlik Xİdmətinin istintaq idarəsinin rəisi, polkovnik Mikael Ambarsumyan Ermənistanın "Zhoghovurd” qəzetinə verdiyi müsahibədə deyib.

Rusiyanın Ermənistandakı hərbi bazasının qulluqçusu Dmitri Yalpayev ötən il aprelin 22-də Gümrü şəhərinin mağazalarından birinin qarşısında öldürülmüşdü. Boyun, bel və baş nayihəsindən səkkiz kəsici-deşici bıçaq yarası alan hərbçi hadisə yerində keçinmişdi. 21 yaşlı Ermənistan vətəndaşı, Stepanavan şəhərinin sakini Arman Cancuqazyan qətli törətməkdə təqsirləndirilir.

İttihamnaməyə görə, cinayətkar İŞİD tərəfdarları olduğu ehtimal edilən naməlum şəxslərin vasitəçiliyilə dini nifrət zəminində Yalpayevə bir neçə bıçaq xəsarəti yetirib.

Məlumata əsasən, uzun müddət Yunanıstanda yaşamış Cancuqazyan 2014-cü ildə İslam dinini qəbul edib, sonradan İŞİD-in fəaliyyəti ilə maraqlanaraq, onun tərəfdarına çevrilib.

"Cinayətkar bu əməli öz təşəbbüsü ilə törətsə də, İŞİD üzvləri adından çıxış edən şəxslərin  razılığını alıb”, - deyə istintaq idarəsinin rəisi bildirib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs izahatda öz günahını etiraf edib. Məhkəmə günahını sübuta yetirəcəyi təqdirdə, onu ömürlük həbs cəzası gözləyir./oxu

İcmal.Az

 

RƏYLƏR