“Əsl Prezident, əsl Lider, əsl Qəhrəman!” - Elşən Musayevin yazısı

OXUNUB: 7 index-manşet SİYASƏT
Heydər Əliyevin cənazəsinin Amerikadan Bakıya gətirildiyi günü, hava limanındakı qorxunc sükutu, dövlət televiziyalarının canlı yayımını, aparıcının titrək səsini, qaravul heyətinin hüzn dolu baxışını, Ulu Öndərin nəşinin qoyulduğu qara, uzununa avtomobili yəqin çoxları xatırlayır...

Həmin an kim nə düşünüb, bilmirəm. Amma şəxsən mənim ağlımda, beynimdə - bəlkə də yaşımdan irəli gələn emosiya və hisslərin təsiri ilə sadəcə bir sual dolaşırdı: "Görəsən, İlham Əliyev ağlayacaqmı?!”

Ağlamadı. Sona qədər məğrur dayandı. Qamətini pozmadı. Göz yaşını elə gözlərindən ürəyinə süzdü. Hətta, kipriyini belə tərpətmədi ki, birdən ağlamaq qaçılmaza çevrilər...

Çünki o, başqa cür ola bilməzdi…

Çünki o bu miqyasda itkini, bu masştabda dərdi, bu böyüklükdə ağrını sadəcə övlad kimi deyil, həm də Prezident kimi qarşılayırdı, qəbul edirdi…

Çünki o, Heydər Əliyevin yarımçıq qalan arzularını gerçəkləşdirmək, Azərbaycanı işıqlı gələcəyə aparmaq üçün əvvəlkindən də güclü, qüdrətli, əzmli olmalı, görünməli, bilinməli idi…

Ələlxüsus da, düz bir addımlığında qərarlaşan bəzi nankor məmurların xəyanətindən artıq xəbərdar ikən…

***

Şuşa. Cıdır düzü. "Xarı bülbül” musiqi festivalı.

Cənab Prezident ön sırada əyləşib və hamı kimi konserti izləyir.

Anidən Heydər Əliyevin səs yazısı verilir və İlham Əliyevin reaksiyasından dərhal anlaşılır ki, o, bu xoş surprizdən xəbərsizdir:

"Arzu edirəm, bir gün Şuşaya gedək. Gedəcəyik. İnanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Şuşa mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Biz Şuşasız yaşaya bilmərik. Biz Laçınsız, Ağdamsız, Kəlbəcərsiz, Cəbrayılsız, Füzulisiz yaşaya bilmərik...”

Yenə hamının diqqəti İlham Əliyevdədir…Yenə göz qapaqları və göz bülluru tam dolub. Yenə ağlamamaq məhkumiyyəti var. Yenə qamət həmin qamət, duruş həmin duruşdur. Lütfən, o videonu hər kəs yenidən izləsin. Amma diqqətlə izləsin və İlham Əliyevin simasına anbaan nəzər yetirsin: Sevinc, qürur, məmnuniyyət, rahatlıq, qəhər…Bütün hisslər bir - birinə qarışıb. O tabloda baxışlar danışır. O baxışda səssizlik danışır. O baxışda: "Ata, mən Şuşanı geri qaytardım, indi Cıdır düzündəyəm” səslənişi var.

O baxışda…Heydər Əliyevə sarılıb, ona bu xəbəri şəxsən verə bilməməyin nisgili var.

Müqayisəni isə təsadüfən etmədim. Çünki iki fərqli qəhər arasındakı dövr əslində İlham Əliyevin ömür yolunun ən böyük bəndidir.

Etimadı qəbul etməkdən onu doğrultmağa qədər uzanan bənd.

Kədəri sevincə pərçimləyən bənd…

***

İlham Əliyev ləyaqətli Liderdir. O, dürüstdür, səmimidir, mərddir, imitasiya etmir, oynamır. O, hər yerdə özüdür. Necə varsa, odur!

İlham Əliyev əsl praqmatikdir və onun ən başlıca keyfiyyətlərindən biri - nəyi, necə və nə zaman edəcəyini dəqiq, müdrikcə müəyyənləşdirə bilməsidir.

İlham Əliyev son dərəcə səbrli siyasətçidir və bu səbəbdən ən doğru, ən gərəkli, ən ədalətli qərarları verməyi bacarır.

İlham Əliyev hakimiyyəti və kreslonu deyil, xalqını sevir. Məhz xalqını!

İlham Əliyev sadəcə xəyanəti bağışlamır. Və düz də edir! Çünki, xəyanət - toxumdur, epidemiyadır, metostazdır və əgər bir xəyanətkara güzəşt edilsə, o zaman dövlətçilik də, idarəçilik də, azərbaycançılıq da çox böyük təhlükələrlə baş - başa qalacaq!

Nəhayət

İlham Əliyev siyasi rəqiblərinə qarşı hər zaman ədalətli davranıb, onlarla bütün dövrlərdə mərdi - mərdanə mübarizə aparıb. Amma nə təəssüf ki, həmin rəqiblərin əksəriyyəti, ələlxüsus, radikal kəsimi nəzərdə tuturam, eyni qarşılığı verməyiblər. Verə bilməyiblər! Əksinə, hər cür yaramazlıqlara, riyakarlıqlara, rəzilliklərə imza atıblar. Vətən satmaq üçün xarici piştaxtalarda sıraya düzləniblər. Hakimiyyətə gəlmək üçün hər növ, hər tip təxribatçı ilə cinayət əlaqəsinə giriblər!

Ona görə də kimsə düşünməsin ki, müxalifətdəki (məlum) ünsürlərin, radikal çevrənin, qaragüruh zümrənin urvatsız və gücsüz olması İlham Əliyevin bəxtidir. Xeyr! Tam tərsi: Bu, İlham Əliyevin bəxtsizliyidir. Tanrı kimsəni belə namərd müxalifətlə üzbəüz qoymasın.

***

Vətən Müharibəsindən sonra hansı ölkəyə səfərə getmişəmsə, "pasport qeydiyyatında” oturan məmurların aşağı - yuxarı, eyni reaksiyası ilə üzləşmişəm: "Ooooo, Azərbaycan, Qarabağ…!”

Artıq keniyalı da, ruandalı da, madaqaskarlı da, ficili də gözəl bilir ki, Azərbaycan xəritənin hansı yerində və istiqamətində yerləşir…

İndi hamı bizimlə hesablaşır, dostlaşır, mehribanlaşır, tərəfdaşlaşır…

Sizcə niyə?! Çünki meydanda İlham Əliyev və onun böyük adı var!

O adın bütün Azərbaycana və azərbaycanlılara gətirdiyi, verdiyi, bəxş etdiyi şərəf və qürurdan dolayı, sizə sonsuz təşəkkürlər, cənab Prezident!

Bizi Qarabağa, suverenliyimizə, tamlığımıza, bütövlüyümüzə qovuşdurduğunuz üçün təşəkkürlər, cənab Prezident!

Bu məmləkətin daşını da, divarını da, sərhədini də, torpağını da iç və yad təhdidlərdən qoruduğunuz, dünyanın ən böyük və ən hiyləgər güclərinin qarşısında ləyaqətlə, cəsarətlə, mətinliklə duruş gətirə bildiyiniz üçün təşəkkürlər, cənab Prezident!

Varlığınız üçün təşəkkürlər, cənab Prezident!

Doğum gününüz mübarək, cənab Prezident!

Elşən Musayev

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri
 
 
 

RƏYLƏR