Federasiya prezidenti: Yığmada kiməsə qarşı ayrıseçkilik ola bilməz

OXUNUB: 736 İDMAN

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov çempionatın ən çox qol vuran oyunçusu – Renat Sultanovun yığmaya çağırılmamasına münasibət bildirib.

O, Oxu.Az-a verdiyi müsahibəsində yığmanın braziliyalı baş məşqçisi Joze Alesio da Silvanın tərəfini saxlayıb. Axundovun sözlərinə görə, yığmada yerlilərə qarşı ayrıseçkilikdən söhbət gedə bilməz:

"Sizə federasiya rəhbəri kimi, əminliklə deyirəm ki, onun çağırılmamasında heç bir səbəb ola bilməz. Yerlilərdən Namiq Məmmədkərimov, Nihad İsmayılov, Samir Həmzəyev kimi oyunçular yığmaya çağırılıb. Yəni Alesio düz deyir. Bilmirəm, Renat çimərlik futbolu yığmasına çağırılıb, ya çağırılmayıb. Ancaq Alesio təcrübəli məşqçidir. Seçimi onun özü edib. Birinci 20 nəfəri yığmaya çağırmışdı, sonra sayı 18-ə endirdi. Məşq prosesinə baxıb, kimin hazır olub-olmamasına Alesio qərar verir. Burada kiməsə qarşı ayrıseçkilik ola bilməz. İndiyədək belə şey olmayıb, bundan sonra da olmayacaq. Düşünürəm ki, bu, əsassızdır”.

O, yığmamızın Avropa çempionatındakı çıxışı barədə də danışıb:

"Orada məqsəd ancaq qrupdan çıxmaq deyil. Mən heç bu barədə fikirləşmək də istəmirəm. Artıq beşinci dəfədir ki, biz Avropa çempionatında iştirak edirik. Futzalda hər şey mümkündür. Görürsünüz ki, Fransa millisi Xorvatiya kimi güclü yığmanı yenib, Avropa çempionatına çıxmağa qoymadı. İndi görün ki, bu fransızlarda nə qədər stimul var. Bəlkə də, onlar 12 iştirakçı arasında ən çox ruh yüksəkliyi ilə turnirə qatılan komandadır. Yəqin ki, İspaniya ilə oyunda güclərini bizimlə matça saxlayacaqlar.

Xatırlayırsınızsa, 2010-cu ildə Macarıstandakı qitə çempionatında ilk dəfə iştirak edəndə biz IV yerə çıxdıq. İndi onlar da ilk dəfə bu turnirə vəsiqə qazandıqlarından eyni istəklə mübarizə aparacaqlar. Serbiya və İtaliya kimi güclü komandalarla yoldaşlıq oyunları keçiriblər. Kim fikirləşirsə ki, Fransa ilə oyunumuz asan olacaq, səhv fikirləşir. Bəlkə də, çempionatın ən baxımlı oyunu Fransa ilə Azərbaycan arasında baş tutacaq”.

Yaxınlarda Oxu.Az "Keşlə” futbol klubunun Müşahidə Şurasında Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun da yer aldığını xəbər vermişdi. Hansısa icra başçısının bir klubun Müşahidə Şurasında yer alması bir ilk idi. Bu klubun Müşahidə Şurasının sədri olan Axundov bu məsələyə də münasibət bildirib:

"Klubun adından da göründüyü kimi, biz Keşlə qəsəbəsini təmsil edirik. Keşlə qəsəbəsi isə ərazi olaraq Nizami rayonuna tabedir. Arif müəllimin özü də idmana yaxın adamdır. Səhv etmirəmsə, uzun müddət güləşlə məşğul olub. Təbii ki, həm də futbolla maraqlanan bir insandır. Bu amillərə görə biz onu "Keşlə”nin Müşahidə Şurasında yer almağa dəvət etdik”.

İcmal.Az

RƏYLƏR