Ölkədə pulu, biznesi, vəzifəsi olanın da sabaha ümidi yoxdur, olmayanın da… Sağ-solu bilinməyən dərin bir qeyri-müəyyənlik hökm sürür, pul qazanmaq üçün bütün yolları məqbul hala gətiriblər - istedad, bilik, mənəvi-hüquqi məsələlər arxa plana keçib, kim-kimi harda tutdu aldadır, soyur. Bu baxımdan iş adamlarının vəziyyəti daha çox ağırdır, ölkədə bir qisim məmur var ki, onlar iş adamlarını soyub-talamaq hesabına varlanıblar. Sosial xərclər, vergi, gömrük xərcləri, işçilərin maaşları bir tərəfdən, dövlət qurumlarının qanunsuz tələbləri digər tərəfdən iş adamlarının belini qırıb. Hamısı müflis ola-ola gedir. Hansı iş adamını dindirirsən, qan ağlayır. Baxırsan ki, işçilərinin sayı günbəgün azalır, istehsalı aşağı salıb, obyektlərini satışa çıxarıb. Kasıba nə var, olsa yeyir, olmasa, ac-susuz evində oturur. Amma qeyri-münbit şərait iş adamları külli miqdarda borca salır.
Prezident sahibkarların qorunması, onlara yaradılan süni əngəllərin aradan qaldırılması ilə bağlı dəfələrlə çağırışıb edib. Amma bəzi dövlət qurumları, xüsusilə də gömrük orqanları bu çağırışları eşitmək, görmək istəmir.
Məsələn, sahibkarların Bakı Baş Gömrük İdarəsi ilə bağlı şikayətləri artıq ciddi narazılıq doğuran həddə çatıb. İdarənin 38 yaşlı rəisi Elmir Ramazanov sahibkarlara zülm edir. Məndə müxtəlif faktlar var, amma araşdırılsın görək, 2023-cü ildə bu vəzifəyə təyin edilən E.Ramazanov bu qısa müddət ərzində necə varlanıb? Bu 3 il ərzində onun əldə etdikləri araşdırılsa, nə baş verdiyini anlamaq elə də çətin olmayacaq. Bu idarənin yaratdığı problemlər, qanunsuz tələblər səbəbindən yüzlərlə sahibkar ciddi maliyyə itkiləri ilə üzləşib, bəziləri bizneslərini bağlayıb və ev-eşiklərini sataraq ölkədən köçüb gediblər. Gömrük orqanları sahibkarlara dəstək verməli deyildi, nə oldu bəs?!
Mənim heç kəslə qərəzim yoxdur, yazdıqlarımı, danışdıqlarımı da özümdən uydurmuram. Müşahidələrimə, sahibkarların müraciətlərinə və qarşılaşdığım faktlara əsaslanıram.
Gömrük Komitəsi müxtəlif maklerlər vasitəsilə medianın bir hissəsini pulla ələ alıb. Bu səbəbdən gömrük sahəsində baş verən bir çox problem lazımi səviyyədə ictimailəşmir. Problem ictimailəşməyəndə isə həm cəmiyyət, həm də aidiyyəti qurumlar real vəziyyətin miqyasından xəbərsiz qalır.
Sahibkarların müxtəlif qurumlara şikayətləri gömrük orqanlarının aqressiyasını daha da artırır, münasibətlər daha da gərginləşir. Nəticədə sahibkar qanunsuz tələblərlə razılaşmalı olur. Razılaşandan sonra da ölkə iqtisadiyyatına zərbə dəyir.
Bir məmurun firəvan həyat tərzi ölkə iqtisadiyyatından, xalqın mənafeyindən, sahibkaların hüqularından daha üstün ola bilərmi? Bu sahibkarların bir hissəsi 30-40 ildir dişi-dırnaqları ilə çalışaraq gəlib bu yerə çatıblar.
Müşahidə etdiyim başqa bir paradoks var - qanunlara əməl etməyən, müxtəlif fırıldaq üsullarından istifadə edən sahibkarın işi daha rahat gedir, dürüst işləyən və vergisini ödəyən sahibkar isə daim müxtəlif maneələrlə üzləşir.
Müəllif: Samir Feyruzov























