Göyçayda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbir keçirilib

OXUNUB: 213 İQTİSADİYYAT
Aqrar Sığorta Fondu bölgələrdə fermerlər arasında maarifləndirmə işlərini davam etdirir. Bu çərçivədə Göyçay rayonunda "Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbir keçirilib. 

Aqrar Sığorta Fondu, Göyçay rayon İcra Hakimiyyəti və Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Mərkəzi Aran iqtisadi rayonunda aqrar sığortanın tətbiqi, fermerlərə ödənişlər,  aqrar sığorta sahəsində gözlənilən yeniliklər barədə müzakirələr aparılıb. 

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, aqrar sığorta mexanizmi dövlətin fermerlərə göstərdiyi dəstək tədbirlərinin davamıdır. Mövcud mexanizmə əsasən, fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının 50 faizini dövlət ödəyir. 

Onun sözlərinə görə, 2022-ci ildə Mərkəzi Aran Regionunda fermer və təsərrüfatlara 350 min manata yaxın, 2023-cü ilin ilk yarısında isə 260 min manat sığorta  ödənişi edilib. Fuad Sadıqov bildirib ki, havaların qeyri-sabit keçməsi, leysan yağışlar, sel və daşqınlar səbəbindən sığorta hadisələri ötən ilə nisbətən  kəskin artıb. Bu hadisələr nəticəsində fermerlərə dəyən zərərin ödənilməsinə növbəti həftələrdə başanılacaq. 

Fermerlərə Aqrar Sığorta Fondunun elektron yenilikləri – "Aqrar sığorta kalkulyatoru” və "Sığorta şəhadətnaməsini yoxla” xidmətləri barədə məlumat verilib. Bildirilib ki, istənilən fermer bu xidmətlər vasitəsilə sığorta haqqını hesablaya və sığorta şəhadətnəməsini yoxlaya bilərlər.

Tədbirdə iştirak edən fermer və təsərrüfat sahibləri buğda, arpa, nar, xurma və digər meyvələrin sığortası, aqrar sığorta ekspertlərinin fəaliyyəti, sahələrə baxış və sair ilə bağlı suallarını və təkliflərini səsləndiriblər.
 






 
 

RƏYLƏR