Heyvan sağlamlığının qorunması və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması mövzusunda tədbir keçirilib

OXUNUB: 165 Özəl İQTİSADİYYAT
Gədəbəy rayonunda Aqrar Xidmətlər Agentliyinin (AXA) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin təşkilatçılığı ilə "Heyvan sağlamlığının qorunması və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması” mövzusunda tədbir keçirilib. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Eldar Həsənov, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi Məsud Xatibi, AXA əməkdaşları, dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarələrinin rəhbərləri, eləcə də fərdi (özəl) baytarlıq praktikası ilə məşğul olan baytar həkimləri iştirak edib.

Tədbirdə çıxış edən AXA-nın sədr müavini Eldar Həsənov ölkədə epizootik sabitliyin qorunub saxlanılmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Bildirib ki, bu baxımdan dövlət-özəl baytarlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, vaksinasiya tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, maarifləndirici tədbirlərin aparılması, baytarlıq subyektlərinin peşəkarlıq səviyyəsinin artırılması, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi vacibdir.

Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi Məsud Xatibi görülmüş işlər barədə məlumat verib. Vurğulanıb ki, bazar iqtisadiyyatının tələbinə uyğun baytarlıq fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində islahatlar aparılıb, özəl baytarlıq xidmətinə keçid təmin olunub. Dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirləri baytar həkimləri ilə AXA arasında bağlanılmış müqavilə əsasında, digər xəstəliklərə qarşı peyvəndləmə tədbirləri fermerlərə ödənişli əsaslarla, qarşılıqlı razılaşma yolu ilə həyata keçirilir. Bu da rəqabət mühitinin formalaşmasına, baytar həkimlərinin bilik və bacarıqlarının, gəlirlərinin artırılmasına, həmçinin xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərib. Hazırda bölgələrdə xüsusi təhlükəli xəstəliklərə qarşı vaksinasiya tədbirləri davam etdirildiyini və cari ildə də vaksinasiya tədbirlərinin vaxtında və keyfiyyətli həyata keçirilməsi, ölkədə epizootik vəziyyətin sabit saxlanılması üçün rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin üzərinə böyük vəzifə qoyulduğunu nəzərə çatdırıb.

Tədbirdə Gədəbəy, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən və Qazax rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəhbərləri, eləcə də özəl baytar həkimləri çıxış edərək bölgədə epizootik vəziyyət, yerlərdə qarşılaşdıqları çətinliklər barədə məlumat verib. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, səslənən təkliflər qeydə alınıb.
 
 


RƏYLƏR