İkinci Mehdiyev

OXUNUB: 332 İQTİSADİYYAT
Yaxşı ki, mətbuat var. Yaxşı ki saytlar, sosial şəbəkələr var. Yoxsa məmurlar öz kinlərini kimin üzərinə tökərdi. 

Hansısa məmurun çatışmazlığı, əliəyriliyi xəbərə çevirilir, onlar da medianı günahlandırır. Hansısa deputat parlamentdə çıxış etməyə mövzu tapa bilmir, "dejurnı” tema hazırdır: medianı, sosial şəbəkələri yıxıb sürümək gəlir ağlına. Hansısa komitə sədri öz verdiyi müsahibədə işlətdiyi ifadələrə görə hədəfə çevirdiyi adamdan (və ya qurumdan) qorxur və günahı yenə də medianın üstünə yıxır.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deputatlar haqda sərt ifadələr işlətmişdi. Daha dəqiq desək onları fırıldaqçı adlandırmışdı. Bəllidir ki, müsahibə janrı müsahibin dediyi fikirlərin olduğu kimi oxucuya çatdırılmasıdır. Mehdiyevin müsahibəsində bu ittiham ümumi olaraq səslənmişdi, yəni fikir ad çəkilmədən ifadə olunmuşdu. Cümləni olduğu kimi təqdim edək ki, başqa izaha ehtiyac qalmasın: "Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər?  Öz maraqlarını qoruyurdular”.

İttihamın konkret ünvanının olmaması bütün deputatları hədəfə gətirdi. Ona görə də parlament üzvləri və rəhbərliyi dərhal Mehdiyevdən izahat tələb etdilər. Mehdiyevin isə "rastamoşka”dan keçmiş "rezerv” cavabı hazır idi. DGK-nın yaydığı açıqlamadan sitat:

"Bir neçə gün bundan öncə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə səsləndirilən bəzi fikirlər sosial şəbəkə istifadəçiləri tərəfindən kontekstdən çıxarılmaqda, yanlış şərhlərlə fərqi məcralara yönləndirilməkdədir. Bu müsahibədən bir hissəni xüsusi qabardan bəzi saytlar və "sosial şəbəkə qəhramanları” reytinq xatirinə Milli Məclisin bütün deputatlarını hədəf alır, hətta bəziləri daha irəli gedərək ölkənin ali qanunverici orqanının ünvanına əsassız şər və böhtan xarakterli fikirlər səsləndirirək manipulyasiya edirlər”.

Manipulyasiyanın atababasını, qıpqırmızı formasını elə bu açıqlamada görürük.

Qurumun mətbuat xidməti açıqlamada Mehdiyevin deputatlar haqda  ittiham səsləndirdiyini təkzib etmir əslində. Demir ki, sədr belə bir söz deməyib. Deyir ki, bəs bəzi media və sosial şəbəkə qəhrəmanları konteksdən çıxarış edərək parlamenti hədəfə alır. Axı nəsə demək lazımdır, kimisə günah keçisi kimi göstərmək lazımdır. 

Media sizi olduğu kimi göstərib, cənab Mehdiyev. Öz əlinizlə çəkdiyiniz foto kimi dəqiqliklə. Burada medianı, sosial şəbəkəni günahlandırmağın bir adı var, o da iki dodaq arasından çıxan sözə sahib dura bilməməkdir. Bəlkə də fikrinizi dəqiq ifadə edə bilmədiyinizi dilə gətirsəydiniz, bu, daha səmimi görünərdi. Anlayırıq, ölkəmizdə ünvanlı tənqid çox risklidir. Xüsusilə yüksək vəzifə tutan, vəzifəsi hesabına var-dövlət sahibi olan şəxslər üçün bu risk daha böyükdür. Lakin bir az yaradıcı olmağa ehtiyac var. Axı sizin indi seçdiyiniz taktika dəfələrlə istifadə olunub, çox bozlaşıb və hətta bu metodun istismar müddəti bitib də demək olar. Googledə axtarış verin. Birinci Mehdiyev bu üsuldan illərlə istifadə etdi. İkinci Mehdiyev olmağa heç gərək yoxdur.

Axı birincinin aqibəti göz qabağındadır…

Elnur Məmmədli 

RƏYLƏR