Müraciəti olduğu kimi təqdim edirİK:
Hörmətli Mehriban xanım !
2010-cu ildə ailəmin yaşayışı üçün Tovuz rayonunun Düz Cırdaxan kəndində yeni, müasir üslubda 3 kəmərli, bir mərtəbəli kürsülü bina tikdirdim. Binanı təcübəli ustalar inşa ediblər.
2020-ci ilin martın əvvəlində Novruz bayramını qeyd etmək üçün Tovuza getdik. Və koronavirus-pandemiya səbəbindən Bakıya qayıda bilmədik, düz 7 ay kənddə qaldıq.
Biz kənddə olan zaman Azəravtoyol şirkətinin çəkdiyi Gəncə - Qazax yolu evimizin yaxınlığından keçirdi.
Yol tikintisi zamanı ağırtonnajlı maşınların hərəkəti, tikinti qurğuları, yoldöyən katoklar evimizə ciddi ziyan vurublar.
Yol tikintisi zamanı evimin hasarı uçub, evimin divarlarında çat əmələ gəlib, döşəmələr aralanıb, evin dam örtüyündə çatlar yaranıb, evin içində qorxa-qorxa gəzirik. Evimin qarşısında əkdiyim ağaclar və 100 illik tarixə malik qədim ''Şərq Çinar'' ağaclarını kəsib, yaşıllıqları məhv ediblər.
Bütün bunlar Azəravtoyolun işçilərinin çəkdiyi şəkillərdə öz təsdiqini tapır, yəni evimdə problemlər yol çəkilən zaman baş verib.
Bizim FHN-ə müraciətimizə cavab olaraq qurumun əməkdaşları gələrək hasarın uçmasının və evdə çatların əmələ gəlməsinin tikinti zamanı baş verməsini təsdiq edən Akt tərtib etdilər.
FHN-nin tərtib etdiyi Aktla Azəravtoyol şirkətinin tərtib etdiyi ölçülər üst-üstə düşmür. Azəravtoyolun yazdığı məktubda ölçülər şişirdilmiş formadadır.
Azəravtoyolun cavabında qeyd olunur ki, baş verənlər, hasarın uçması guya təbii fəlakət nəticəsində, ya da hörgünün sementinin və qumunun keyfiyyətli olmaması səbəbindən olub. Bizi gülünc vəziyyətə salıblar. Tovuz rayonunda bu müddətdə hansı təbii hadisə olub ki, bunu Azəravtoyoldan başqa kimsə bilməyib.
Hazırda biz tərəfdə olan yol tikintisi bitməyib və vəziyyət necə olacaq bilmirik.
Bütün bunları "Azəravtoyol”un podratçısı olan "Polad Yol Yapı Sənayə və Ticaret A.Ş” şirkəti edib. ( Şirkətin Azərbaycan filialının müdiri Zəfər Özkök ).
Cənab Birinci Vitse-Prezident !
Mənim Sizə 1-ci müraciətimi Azəravtoyola göndərərək, lazımı göstərişlər vermişdiniz. Ancaq Azəravtoyol məsələyə özlərinə sərf edən qaydada yanaşdılar.
Hörmətli Mehriban xanım !
Özüm II qrup əliləm, işləmirəm. Həyat yoldaşım da işsizdir. Evi yenidən bərpa etmək imkanımız yoxdur.Bizim tək ümid yerimiz sizsiniz.
Azəravtoyol şirkətinin əvvəl tərtib etdiyi aktı, evin əvvəlki şəkilini, FHN-nin tərtib etdiyi aktı, kənd bələdiyyəsinin aktını Sizə təqdim edirəm.
Sizə ikinci dəfə müraciətimdə bir daha xahiş edirəm ki, məsələni şəxsi nəzarətinizə götürəsiniz. Və şirkətin mənə vurduğu ziyan dəqiq hesablansın və uyğun kompensasiya ödənilsin./''Gündəlik Bakı'' qəzeti(gundelik-baku.com saytı)
Əlaqə nömrəsi:0505110090