Bu gün Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birgə təşkilatçılığı ilə "Prezident İlham Əliyev və Azərbaycan tarix elmi” mövzusunda elmi konfrans keçirib.
Elmi konfransı Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov açaraq mövzunun təsadüfi seçilmədiyini bildirib: "Prezident İlham Əliyev bugünkü Azərbaycan trarixini yazan şəxsdir. Dövlət başçısının innovativ idarəetmə konsepsiyasının əsasında dövlət proqramlarını milli proqramalara çevrilməsi xüsusi yer tutur. Bu idarəetmə üsulu ilə dövlət proqramlarına vətəndaş cəmiyyətləri cəlb edilir. Bunlara nümunə kimi Heydər Əliyev Fondunu göstərə bilərik. Bu yaxınlarda tanış olduğum statistik məlumatların birində keçmiş SSRİ dövlətləri ilə müqayisədə Azərbaycanın gəlirlər baxımdan yüksək pillədə olduğunu öyrəndim. Hesab edirəm ki, bunun da başlıca səbəbi doğru idarəçilikdir. Ölkə Prezidenti hər zaman deyir ki, iqtisadi artım əsas deyil, əsas insanların rifah halının yüksək olmasıdır. Bugünkü konfransın da məhz bu mövzuya həsr olunması təsadüfi deyil”.
Tədbirdə çıxış eden Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, Azərbaycan Prezidentinin sayəsində tarix elmi müstəqil inkişaf yoluna çıxıb:
"Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkəsidir, bunun da əsas səbəbi ölkədə həyata keçirilən müdrik daxili və xarici siyasətdir. Azərbaycanda inkişafın müasir modeli yaradılıb və onun müəllifi ölkə prezidentidir. Uğurlarımız göz önündədir və Cənubi Qafqazın lider ölkəsiyik. Bizim ən böyük uğurumuz azərbaycançılıq fəlsəfəsinin inkişaf etdirilməsidir. Uzun illər əsarət altında qalan tarix elmi müstəqil inkişaf yolu keçir. Azərbaycan Prezidentinin sayəsində tarix elmini müstəqil inkişaf yoluna çıxara bilmişik. Biz tarix elmini yeni dirçəliş yoluna salıb, keçmiş konsepsiyalardan uzaqlaşdıra bilmişik. Keçmişdə qadağan edilən mövzulara onlarla əsər həsr etmişik, saxtalaşdırılmış məsələlərə yenidən baxmışıq, soyqırımı problemləri araşdırılıb. İrəvan xanlığının tarixi araşdırmaqla ermənilərə Ermənistanın yerləşdiyi torpaqların Azərbaycan xalqına məxsus olduğunu sübut etmişik. Bütün bunlara həsr etdiyimiz əsərlər xarici dillərə tərcümə edilərək beynəlxalq sərgilərdə nümayiş edilib. Azərbaycan tarix elmi ermənilərə sübut edib ki, onlar bu torpaqların aborigen əhalisi deyil. Bütün bu naliyyətləri əldə etməyimizdə bizə ən böyük dəstəyi ölkə Prezidenti İlham Əliyev göstərib. Bu gün instituta təqdim edilən əsərlər Prezidentin tapşırığı, göstərişi ilə çap olunub. Nə zaman bizə zərbələr gəlsə, Prezident İlham Əliyev çıxış edərək bizi müdafiə edir, mübahisələrə son qoyur".
Akademik bildirib ki, 2012-ci ildə prezident sərəncamı ilə Qarabağ, Naxçıvan və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə Tarix İnstitutunun 13 əməkdaşına fəxri ad verilib.
"Məhz ölkə başçısının gündəlik qayğısı sayəsində son illərdə Tarix İnstitutunda 400-dək tədqiqat əsəri işıq üzü görüb. İlham Əliyev xalqımıza "26 Bakı komissarları” adı ilə təqdim olunmuş və Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törətmiş Stepan Şaumyan və digər cəlladların cəsədlərinin qalıqlarını Bakının mərkəzindən şəhər qəbiristanına köçürtməklə şüurlarda inqilab etdi. Ulu öndər Heydər Əliyevin vəsiyyətinə uyğun olaraq İlham Əliyevin prezidentliyi dövründə Tarix İnstitutu ikicildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı hazırlayıb. Bu ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir. Ulu öndər Heydər Əliyev kimi İlham Əliyev də tariximizə sahib çıxan, onu dirçəldən, qoruyan, inkişaf etdirən Prezidentdir, tarix yaradan tarixi şəxsiyyətdir”, - deyə Yaqub Mahmudov qeyd edib.
Konfrans çərçivəsində ölkə başçısının təşəbbüsü ilə Tarix İnstitutunda çap olunan elmi əsərlərin təqdimatı və 1000-ə qədər kitabın sərgisi olub. Yaqub Mahmudov institutun nəşrlərini Qarabağ Araşdırmalar Mərkəzinin kitabxanasına hədiyyə edib./publika
İcmal.Az

























