İmişli rayonunun Cahar kəndində yerləşən meşə zolağında ciddi ekoloji pozuntu halları müşahidə olunmaqdadır. Bu barədə redaksiyamıza yerli sakinlər məlumat veriblər.
Sakinlərin bildirdiyinə görə, kənd ərazisindəki meşəlik sahədə yerləşən gölə qayıq salınıb və həmin qayığın üzərinə quraşdırılmış motorların köməyi ilə gölün dibi qazılaraq ərazidəki qum kütləsi çıxarılır. Daha sonra çıxarılan qum yük maşınları vasitəsilə ərazidən daşınır.
Ərazidə çalışan şəxslərin kimliyi hələlik məlum olmasa da, görülən işlər nəticəsində həm meşə örtüyünə, həm də torpaq qatına ciddi ziyan dəydiyi bildirilir. Sakinlər vəziyyətdən narahat olduqlarını və bu prosesin həm təbiətə, həm də insan həyatı üçün təhlükə yaratdığını qeyd ediblər.
Qeyd olunan məsələ ilə bağlı sakinlərin göndərdiyi video materialı da 7news.az-a təqdim olunub. Müvafiq dövlət qurumlarını məsələni araşdırmağa və ekoloji pozuntu hallarına hüquqi qiymət verməyə çağırırıq.