İqtisadiyyat nazirinin müavini BBF-nin fəaliyyəti ilə tanış oldu – FOTO

OXUNUB: 735 İQTİSADİYYAT

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və nazirliyin əməkdaşları bu gün "Baku Business Factory”nin (BBF) ofisinə gedərək burada yaradılmış şəraitlə tanış olub.

İcmal.Az Report-a istinadən xəbər verir ki, BBF-nin İdarə Heyətinin üzvü Anar Əskərov nazirliyin əməkdaşlarına BBF-nin fəaliyyəti, burada həyata keçirilən layihələrə göstərilən dəstək imkanları, mentorluq, layihələrə investisiyaların cəlb edilməsi, xarici əlaqələrin inkişafı və digər məsələlərlə bağlı ətraflı məlumat verib.

Görüş zamanı Azərbaycan Respublikası prezidentinin rəhbərliyi ilə sahibkarlığın inkişafı üçün həyata keçirilən davamlı islahatlar, həmçinin bu tədbirlər çərçivəsində biznes inkubatorların yaradılması və inkişaf etdirilməsi, startap layihələrinin dəstəklənməsi və ümumilikdə sahibkar düşüncə tərzinin formalaşdırılması istiqamətində görülən işlər qeyd olunub, İqtisadiyyat Nazirliyi tərəfindən kiçik və orta sahibkarlığın inkişafı sahəsində həyata keçirilən dəstək tədbirləri barədə fikir mübadiləsi aparılıb və BBF-lə bu istiqamətdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Nazir müavini bildirib ki, BBF-də startaplar üçün qurulan şərait onda yüksək təəssürat yaratıb və İqtisadiyyat Nazirliyi bu cür layihələrin həyata keçirilməsini hər zaman dəstəkləyir.

Xatırladaq ki, "Baku Business Factory” 2015-ci ilin may ayında yaradılıb. BBF-nin əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

 

İcmal.Az

RƏYLƏR