Azərbaycan ərazisindən Ermənistana Qazaxıstan taxılının daşınmasına razılıq verilməsi və Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin gələn ilin ortalarına hazır olacağı barədə Prezident İlham Əliyevin açıqlaması Cənubi Qafqazda yeni mərhələnin formalaşmaqda olduğuna dair mühüm siyasi siqnaldır.
Bunu Musavat.com-a deputat Elçin Mirzəbəyli deyib.
Millət vəkili vurğulayıb ki, bu bəyanat həm iqtisadi rasionalizm, həm də diplomatik uzaqgörənlik baxımından diqqətəlayiqdir:
"Azərbaycanın tranzitə razılığı verməsi, mahiyyət etibarilə, regionda etimadın bərpasına, qarşılıqlı asılılıqların iqtisadi zəmində formalaşmasına və sülh prosesinin praktik konturlarla dəstəklənməsinə xidmət edir. Bu addım həm də Ermənistan üçün faktiki iqtisadi nəfəs və siyasi dialoq üçün yeni imkan açır. Azərbaycanın bu addımı, əslində, qarşı tərəfə yönəlmiş strateji mesaj xarakteri daşıyır. Prezident İlham Əliyevin "Zəngəzur dəhlizinin Azərbaycan hissəsi gələn ilin ortalarına hazır olacaq” fikri regionun nəqliyyat arxitekturasında dönüş mərhələsini təsdiqləyir. Bu, həm Qərb-Şərq ticarət xətlərinin bərpası, həm də Cənubi Qafqazın inteqrasiya potensialının genişlənməsi deməkdir. Eyni zamanda, Ermənistan üçün bu mesaj konkret seçim təklif edir. İrəvan ya əməkdaşlıq və iqtisadi inteqrasiya istiqamətində addım atmalı, ya da izolə vəziyyətini daha da dərinləşdirmək yolunu seçməlidir. İrəvanın bu addıma optimal cavabı, ilk növbədə, texniki və diplomatik səviyyədə koordinasiyadan ibarət olmalıdır.
Qazaxıstan-Azərbaycan-Ermənistan üçtərəfli formatında gömrük, təhlükəsizlik, sığorta və logistik protokolların hazırlanması, həm tranzitin təhlükəsizliyini təmin edə, həm də gələcək nəqliyyat layihələrinin institusional əsaslarını formalaşdıra bilər. Ermənistan tərəfi bu prosesi sadəcə iqtisadi zərurət kimi deyil, həm də regional etimadın möhkəmlənməsi üçün vasitə kimi təqdim etməlidir. Bu, həm daxili ictimai rəy üçün sülhün verə biləcəyi üstünlüklərin əhəmiyyətini, həm də xarici tərəfdaşlara Ermənistanın məsuliyyətli aktor kimi davranmaq niyyətini göstərəcək”.
E.Mirzəbəyli qeyd edib ki, bununla yanaşı, tranzit və dəhliz mövzularının Ermənistan ictimaiyyətində suverenlik və təhlükəsizlik prizmasından yanaşılaraq müzakirə olunması reallıqdır:
"Bu kontekstdə İrəvanın rəsmi ritorikası hüquqi əsaslara söykənməli, yəni bütün razılaşmaların Ermənistanın qanunvericilik çərçivəsində, beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə icra olunacağı vurğulanmalıdır. Bu, həm daxili konsensusu qorumağa, həm də revanşist qüvvələrin manipulyasiya imkanlarını azaltmağa kömək edər”.
Deputat Ermənistanda baş qaldıran revanşistlərin Azərbaycan Prezidentinin Astana bəyanatına, ardınca Nikol Paşinyanın Tiflisdən səsləndirdiyi təşəkkürə, həmçinin Bakının təqdim etdiyi "Yol xəritəsi”nə sərt dirəniş göstərmələrinə də münasibət bildirib:
"Ermənistan daxilində revanşist dairələrin Paşinyanın təşəbbüslərinə mane olmaq cəhdləri istisna deyil. Xüsusilə son illərdə siyasi və dini çevrələr hökumətin sülh və əməkdaşlıq istiqamətindəki addımlarını "torpaq itkisi” və "suverenlik güzəşti” kimi təqdim etməyə çalışır. Lakin bu təzyiqlərin nəticələnməsi bir neçə amildən asılıdır. Əvvəla, Ermənistan cəmiyyətinin iqtisadi faydaları hiss etməyə başlaması, xüsusən də tranzitdən doğan sosial-iqtisadi canlanma, radikal ritorikanın təsirini zəiflədə bilər. İkincisi, beynəlxalq aktorların, o cümlədən ABŞ, Avropa İttifaqı, Türkiyə, Qazaxıstan və digər ölkələrin prosesə verdiyi siyasi dəstək, Paşinyanın sülh kursunun legitimliyini gücləndirə bilər. Üçüncüsü, hökumətin hüquqi və kommunikativ siyasətində şəffaflıq prinsiplərinə əməl etməsi, etimadın bərpasını sürətləndirə bilər”.
Milli Məclis üzvü bildirib ki, İrəvanın qarşısında duran əsas vəzifə Azərbaycanın sülhməramlı addımının qarşılıqlılıq prinsipinə uyğunlaşdırılmasıdır:
"Azərbaycanın atdığı konstruktiv addıma cavab olaraq Ermənistan konkret təkliflərlə çıxış etməli, məsələn, Zəngəzur dəhlizində infrastruktur əməkdaşlığı, sərhəd ticarət məntəqələrinin texniki bərpası və gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində real təşəbbüslər göstərməlidir. Bu, həm də gələcəkdə Zəngəzur dəhlizinin beynəlxalq logistika sisteminə inteqrasiyası üçün zəruri etimad bazası formalaşdıra bilər. Praktiki səviyyədə İrəvan bir neçə paralel addım ata bilər. Əvvəla, texniki işçi qrupları çərçivəsində üçtərəfli sənədlər hazırlanmalı, gömrük və sığorta sistemlərinin uyğunlaşdırılması təmin edilməlidir. Eyni zamanda, daxili ictimaiyyətlə açıq və şəffaf dialoq qurulmalı, bu razılaşmaların dövlət suverenliyinə zidd olmadığı, əksinə, Ermənistanın iqtisadi maraqlarını təmin etdiyi izah olunmalıdır. Bundan başqa, Ermənistan hökuməti beynəlxalq tərəfdaşlarını, xüsusilə də ABŞ-ı prosesin texniki təminatına cəlb etməklə, həm siyasi zəmanət əldə edə, həm də daxili revanşçı təzyiqləri neytrallaşdıra bilər. Beləliklə, Azərbaycanın humanist və rasional jesti, ölkəmizin tranzitə razılıq verməsi regionda iqtisadi və siyasi əlaqələrin yeni mərhələsinin başlanğıc nöqtəsi ola bilər. Ermənistanın buna cavabı yalnız bəyanat səviyyəsində deyil, konkret addımlar vasitəsilə ifadə olunmalıdır. Əgər İrəvan bu fürsəti rasional şəkildə dəyərləndirərsə, həm daxili siyasi sabitliyini möhkəmləndirə, həm də beynəlxalq münasibətlərdə daha etibarlı tərəfdaş obrazını formalaşdıra bilər. Revanşist qüvvələrin təsir dairəsi isə ancaq bu məntiqli, şəffaf və iqtisadi əsaslı siyasətin nəticəsində zəifləyə bilər”.