Azərbaycanın beynəlxalq səviyyədə qazandığı növbəti diplomatik uğurlar və dövlət başçımızın Vaşinqtonda keçirdiyi yüksək səviyyəli görüşlər ölkəmizin artan nüfuzunu qəbul edə bilməyən radikal dairələrdə ciddi narahatlıq yaradıb. Bu narahatlığın ən rəzil forması isə xaricdə yaşayan bir qrup anti-Azərbaycan ünsürün ABŞ-da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qaldığı hotelə qarşı törətdiyi təxribatda özünü göstərmişdir. Aqressiv və təhrikedici şəkildə hotelə daxil olmağa cəhd edən bu şəxslərin əməli birmənalı olaraq ən sərt şəkildə qınanmalı və həm etik normaların, həm də beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, müasir dünyada ifadə azadlığı və etiraz hüququ sivil normalarla tənzimlənsə də, Vaşinqtonda şahidi olduğumuz iyrənc mənzərə göstərir ki, müəyyən dairələr bu müqəddəs anlayışlardan öz çirkin məqsədləri üçün sui-istifadə edirlər. Xüsusi olaraq qeyd edilməlidir ki, bu cür davranışlar heç bir halda "azad fikir”, "etiraz hüququ” və ya "demokratik aksiya” adı altında ört-basdır edilə bilməz. Əksinə, bu, planlı şəkildə hazırlanmış, Azərbaycan dövlətinə, onun rəhbərliyinə və ümumilikdə xalqımıza qarşı nifrət üzərində qurulmuş iyrənc və məsuliyyətsiz bir təxribatdır. Qeyri-etik ifadələr, küçə jarqonundan istifadə olunaraq aparılan təhqiramiz çıxışlar, qışqırıq və təzyiq vasitəsilə təhlükəsizlik kordonunu yarmağa cəhd həmin şəxslərin mənəvi aşınma səviyyəsini və sivil davranışdan nə qədər uzaq olduqlarını bir daha sübut edir. Bu, siyasi mübarizə deyil, dövlətçilik hissini itirmiş bir qrupun nümayiş etdirdiyi mənəvi deqradasiyadır. Xüsusilə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev Azərbaycan dövlətinin ali təmsilçisi, xalqın birliyinin təminatçısıdır. Onun təhlükəsizliyinə qarşı hər hansı aqressiv addım, əslində, Azərbaycanın suverenliyinə, çoxəsrlik dövlətçilik ənənələrinə və milli iradəsinə qarşı yönəlmiş bir qəsddir. Bu səbəbdən də, belə təxribatlar yalnız bir şəxsə qarşı deyil, bütövlükdə Azərbaycan xalqına, onun ləyaqətinə və gələcəyinə qarşı düşmən münasibətin göstəricisi kimi qəbul edilməlidir.
Deputat diqqətə çatdırıb ki, bu təxribat cəhdinin dərhal zərərsizləşdirilməsi, ilk növbədə, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin yüksək hazırlıq səviyyəsini və çevik əməliyyat taktikasını bütün dünyaya nümayiş etdirdi. Təhlükəsizlik kordonunu yarmağa və hotelə zorla daxil olmağa cəhd edən şəxslərin soyuqqanlılıqla, peşəkar şəkildə zərərsizləşdirilməsi hadisənin daha ciddi fəsadlar törətməsinin qarşısını alan əsas amil oldu. Eyni zamanda, ABŞ hüquq-mühafizə orqanlarının hadisəyə dərhal müdaxiləsi və asayişi bərpa etməsi təsdiqlədi ki, radikalizm və hüquqazidd hərəkətlər heç bir demokratik dövlətdə qəbul edilmir və layiqli hüquqi cavabını tapır.
K.Bayramov əlavə edib ki, baş verənlər açıq şəkildə göstərir ki, Azərbaycanın qlobal uğurlarını və dövlət başçımızın sarsılmaz siyasi iradəsini həzm edə bilməyən anti-Azərbaycan şəbəkəsi artıq son çarə kimi terror və xuliqanlıq metodlarına əl atır. Onların və xaricdəki bədnam himayədarlarının bu cür səviyyəsiz, çirkin və təhlükəli təxribatları əslində Azərbaycan dövlətinin və onun Liderinin qüdrəti qarşısındakı acizliyinin, mənəvi iflasının və nifrət dolu məğlubiyyətinin etirafıdır. Bu uğursuz və alçaq cəhd bir daha bütün dünyaya nümayiş etdirdi ki, nifrət və xəyanət üzərində qurulan heç bir çürük strategiya Azərbaycanın dövlətçilik əzmi, polad iradəsi və peşəkar qətiyyəti qarşısında tab gətirə bilməz və hər zaman rüsvayçılıqla darmadağın ediləcəkdir!
























