Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Zaqatalada vətəndaşları qəbul edib

OXUNUB: 213 İQTİSADİYYAT
Sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov oktyabrın 6-da Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciəti əsasən suvarma, toxumluq sahələrin aprobasiyası, işə qəbul, məhsul satışına köməklik göstərilməsi, damazlıq heyvanlara görə dövlət güzəştinin tətbiqi və digər məsələlərlə bağlı olub. Nazir müavini Elçin Zeynalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Nazir müavini vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
 
 




RƏYLƏR