Konstitusiya və Suverenlik İli çərçivəsində Gəncədə ətraf mühitin mühafizəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

OXUNUB: 14 Özəl SOSİAL
Konstitusiya və Suverenlik İli çərçivəsində ölkəmizdə ekoloji təhlükəsizlik, təbii sərvətlərin mühafizəsi və ətraf mühitə qarşı hüquq pozuntularının qarşısının alınması  məqsədilə noyabrın 21-də Gəncə şəhərində "Müasir ekoloji çağırışlar və ətraf mühitin mühafizəsi sahəsində hüquqi tənzimləmənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans təşkil olunub.

Tədbirdən əvvəl iştirakçılar Gəncə Memorial Kompleksini ziyarət edib, şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri qoyub, Gəncə terroru zamanı həlak olanların ruhuna dualar oxuyublar. Ardınca konfrans nümayəndələri görkəmli dövlət xadimi Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. 

Gəncə Dövlət Universitetində keçirilən konfrans Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açılıb. Daha sonra Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov tədbir iştirakçılarını salamlayıb və konfransın dövlətin ekoloji siyasəti, habelə Konstitusiya və Suverenlik İlinin prioritetləri baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Səbuhi Şahverdiyev ekoloji təhlükəsizlik və davamlı inkişaf istiqamətində dövlət siyasətinin aktual məqamları, həmçinin müasir çağırışlar barədə çıxış edib. Mərkəzin şöbə rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli Konstitusiya və Suverenlik İli çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində hüquqi tənzimləmənin əsas istiqamətlərini və ekoloji münasibətlərə konstitusion-hüquqi yanaşmalar barədə məlumat verib.

Gəncə şəhər prokurorunun müavini Nicat Şahverdiyev ekoloji hüquq pozuntularının aşkar edilməsi və cinayət təqibi tədbirlərinin təkmilləşdirilməsi üzrə görülən işləri diqqətə çatdırıb. 

Elmi-praktiki konfransda çıxış edən Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov Azərbaycan Prokurorluğunun COP29 və COP30 proseslərində iqlim idarəçiliyi üzrə müzakirələrdə fəal iştirak etdiyini vurğulayaraq ekoloji hüquqpozmalara qarşı mübarizənin effektivliyinin güclü kommunikasiya, media və ali təhsil müəssisələri ilə əməkdaşlıq, habelə müasir monitorinq və məlumatlandırma mexanizmlərinin inkişaf etdirilməsi ilə mümkün olduğunu qeyd edib.

 Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Şəbnəm Məmmədova ekoloji hüquq pozuntularına dair mövcud tendensiyalar və nəzarət mexanizmlərindən söz açıb. 

Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin prokuroru Tural Mürsəlov sağlam ətraf mühitdə yaşamaq hüququnun insan hüquqları sistemində xüsusi yer tutduğunu qeyd edib.

Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova,  AMEA-nın müxbir üzvü, GDU-nun Botanika kafedrasının müdiri professor Vaqif Novruzov, GDU-nun Ekologiya və təbiəti mühafizə kafedrasının müəllimi Vüsal Musayev konfrans zamanı əhəmiyyətli mövzular üzrə çıxışlar edib.

Konfrans zamanı səmərəli müzakirələr aparılıb, sonda isə xatirə fotoşəkli çəkilib.
 
 




 
 
 

RƏYLƏR