Hazırda bankların əsas məqsədi problemli kreditlərlə mübarizə aparmaqdır.Yəni, əsas hədəf kreditlərin qaytarılması, o cümlədən, risklərin minimallaşdırılmasıdır.Banklar qarşısında duran əsas çağırışlardan biri də problemli kreditlərin həcminin artması fonunda mənfəətin, kreditləşmənin azalması və faiz dərəcələrinin artmasıdır.Kredit itkiləri və valyuta riskləri səbəbindən kapitallaşma aşağı səviyyədə olaraq qalır.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən iyul ayının 1-nə bankların müştərilərə verdiyi kreditlərin məbləğində azalma müşahidə olunub. Belə ki, ümumilikdə banklardan verilən kredit 13 milyard 462,1 milyon manat təşkil edib. Bu da may ayı ilə müqayisədə 916,5 milyon manat və ya 6,37 faiz azalma deməkdir. Ümumiyyətlə, ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 2 milyard 476,2 milyon manat və ya 15,54 faiz azalıb.
Bundan əlavə "Fitch" beynəlxalq reytinq agentliyinin qiymətləndirməsinə görə, Azərbaycanda problemli kreditlər bankların ümumi kredit portfelinin 24 faizini təşkil edir.Ekspertlər bu göstəricinin kifayət qədər yüksək olduğunu deyir.Mütəxəssislərin qənaətincə kreditləşmənin azalması yaxşı hal deyil və iqtisadiyyata birbaşa təsir edir.Kreditləşmənin azalmasının bir neçə səbəbi var. Görünən odur ki, banklar əvvəlki illərdə verdikləri kreditlərin bir qismini geri ala bilmədikləri üçün kreditlərin verilmə şərtlərini ağırlaşdırır.Nəticədə bu da kreditləşməyə təsir göstərir. Digər tərəfdən bankların cəlb etdiyi vəsaitlərin həcmində də azalmalar var. Banklar həm daxili, həm xarici mənbələrdən daha az vəsait cəlb edə bildikləri üçün daha az kredit təklif edir.
İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət" qəzetinə bildirib ki, son iki ildə problemli kreditlərin həcmi aybaay artır:
"Rəsmi rəqəmlərə görə elə bir ay olmayıb ki, həmin ay problemli kreditlərdə azalma müşahidə olunsun. Bu tendensiya 2 ildir davam edir.Dünya praktikasında qəbul olunmuş kritik hədd 3 faizdir.Yəni, banklarda 3 faiz civarında problemli kredit olanda bununla bağlı tədbirlər görməyə başlayır.Rəsmi rəqəmlərə görə Azərbaycanda problemli kreditlərin həcmi bundan 4 dəfə çoxdur, yəni bu həcm 12 faizə çatıb.Hesablama qaydaları fərqli olduğundan beynəlxalq agentliklər başqa rəqəmlər açıqlayır."Fitch", "Moodys" kimi çox nüfuzlu reytinq agentliklərinin açıqladığı rəqəmlərdə Azərbaycanda problemli kreditlərin həcminin 25 faizi keçdiyi qeyd olunur. Hesablama qaydalarında olan fərqliliyi nəzərə alaraq Azərbaycanda rəsmi statistika daha az göstərilir. Amma beynəlxalq normalara uyğun hesablama apararkən 25 faiz olduğu bildirilir.Bu da beynəlxalq normadan 9 dəfə çox problemli kreditlərin olması deməkdir.Əgər hökumətin və Mərkəzi Bankın birgə addımları olmasa, yaxın gələcəkdə bununla bağlı bir irəliləyişin olacağını düşünmürəm.Çünki əhalinin real gəlirlilik səviyyəsi aşağı düşüb.Gəlirlər nominal olaraq 6.9 faiz artsa da, reallıqda isə əksinə, gəlirlər azalıb.Çünki inflyasiya 14 faizdir.Yəni, inflyasiya nominal artımı "yeyib"".
İqtisadçının sözlərinə görə, gəlirlərin azaldığı bir dövrdə problemli kreditlərin qaytarılması və ya azalması mümkünsüz görünür:
"Çünki həm iqtisadi aktivlik zəifləyib, həm əhalinin pul gəlirləri azalıb. Bundan əlavə problemli kreditlərin böyük əksəriyyəti xarici valyutada olduğundan onun geri qaytarılması üçün əhalinin və yaxud da biznesin geniş imkanları yoxdur ki, biznes aktivlikdən, əhali də qazancından istifadə edərək bu problemi həll etsin.Əhali və banklar öz aralarında bu problemi həll edə bilməyəcək.Devalvasiyalardan sonra yaranmış problemli kreditləri, pis vəziyyətə düşən bank sektorunun və vətəndaşın durumunu öz-özünə düzəltmək mümkün olmur.Ya Mərkəzi Bankın, ya hökumətin ciddi dəstək proqramı olmalıdır.Bu olmasa, problemli kreditlərin həcmi arta-arta gedəcək". Natiq Cəfərli onu da əlavə edib ki, əgər kreditləşmə azalırsa, iqtisadi aktivlik də azalır: "İqtisadiyyatın çarxlarının dönməsi üçün əhaliyə və biznesə kreditlərin verilməsi çox vacibdir. İstehlak kreditləri verilərkən əhali həmin puldan istifadə edərək alış-veriş edir.Bu, biznesin inkişafına səbəb olur.Biznes də kredit götürərkən özünün inkişafına sərf edir. Bu da iqtisadi aktivliyi canlandırır və əlavə iş yerləri yaradır. Əgər hər iki istiqamətdə kreditləşmə azalırsa, deməli ölkədə iqtisadi aktivlik daha da zəifləyir".
İcmal.Az