Lənkəran və Masallıda aqrar sığortaya həsr olunmuş görüş keçirilib

OXUNUB: 238 Özəl İQTİSADİYYAT
Aqrar Sığorta Fondu əkin sahələri və heyvandarlıq təsərrüfatlarının sığortalanması sahəsində maarifləndirmə tədbirlərini davam etdirir. Aqrar Sığorta Fondunun fermerlərlə növbəti görüşü Lənkəran və Masallıda baş tutub. Lənkəran və Masallı rayon icra hakimiyyətlərinin dəstəyi ilə təşkil olunan görüşlərdə fermer və təsərrüfat sahiblərinə aqrar sığorta şərtləri, onun üstünlükləri, sığorta hadisələri və zərərin ödənişi prosesi barədə ətraflı məlumat verilib. Bildirilib ki, cənub bölgəsində müxtəlif əkinlər, o cümlədən sitrus meyvələrini becərən fermerlər dövlətin güzəştli şərtlərlə təqdim etdiyi aqrar sığorta vasitəsilə bağlarını çoxsaylı risklərdən qoruya bilərlər.  Qeyd edək ki, cənub bölgəsinin kənd təsərrüfatı, xüsusilə bitkiçilik sektoru zəngindir. Burada ənənəvi olaraq taxıl bitkiləri – buğda, arpa ilə yanaşı, çoxsaylı sitrus bağları, giləmeyvələr, çəltik bitkisi və sair əkilir.  

Lənkəranda keçirilən görüşdə rayon icra hakimiyyəti başçısının müavini Mikayıl  Cəfərzadə bildirib ki, kənd təsərrüfatı rayon iqtisadiyyatında mühüm paya malikdir. Lənkəran əhalisinin 40-50%-i kənd təsərrüfatı sahəsi ilə məşğul olur. Rayonda 9500 hektar əkin sahəsinin 2900 hektarı sitrus bağları, 580 hektarı çayçılıq, 800 hektar isə çəltik əkinlərinin payına düşür. O, bu əkinlərin qorunması üçün fermerlərin aqrar sığortadan faydalanmasının zəruri olduğunu qeyd edib. Masallıda keçirilən görüşdə rayon icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov bildirib ki, aqrar sığorta ölkədə kənd təsərrüfatına göstərilən dövlət dəstəyinin daha bir istiqamətidir. Rayonda kənd təsərrüfatının böyük yer tutduğunu və əhalinin rifahına təsir etdiyini xatırladan müdir müavini fermerləri bu xidmət barədə geniş məlumat almağa və ondan faydalanmağa çağırıb.

Görüşlərdə Aqrar Sığorta Fondunun nümayəndələri aqrar sığorta ilə bağlı geniş təqdimat edib, sığorta şərtləri, ayrı-ayrı bitkilər, o cümlədən bölgə üçün xarakterik əkinlər üçün sığorta şərtləri və tariflərini açıqlayıb. Bildirilib ki, bölgədə geniş yayılmış naringi və portağal bağlarının sığortası üzrə hər 1000 manatlıq məhsul üçün fermerlər cəmi 13 manat, limon bitkisinin sığortası üçün 12 manat, sahibkarlara böyük gəlir gətirən çiyələk sahələrinin sığortası üçün isə cəmi 15 manat ödəniş tələb olunur. Bildirilib ki, əkin sahələri və meyvə bağlarını baza sığorta zərfi ilə yanaşı, ayrıca olaraq şaxtavurmadan, dolu nəticəsində keyfiyət itkisindən və yağışlardan da sığortalamaq olar. Bundan başqa, fermerlər cüzi məbləğ ödəməklə bağdakı ağacları ayrıca olaraq məhvolmadan sığortalaya bilərlər. Bu zaman sıradan çıxmış ağaclara görə 3 illik məhsulun dəyərində fermerlərə ödəniş edilir. Qeyd olunub ki, dövlət dəstəkli aqrar sığorta ilə kənd təsərrüfatı heyvanlarını – südlük və ətlik mal-qaranı, xırdabuynuzlu heyvanları sığortalamaq mümkündür. Heyvanlar üçün sığorta tarifi 6,1-9,5% arasında dəyişir və nəticədə qiyməti 1000 manat olan inəyi 30 manata, qiyməti 300 manat olan qoyunu isə cəmi 9 manata sığorta etmək olar.

Görüşlərdə aqrar sığorta şərtləri, ödənişlər, sığortanın əhatə dairəsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, fermerlərin rəy və təklifləri qeydiyyata alınıb.

Qeyd edək ki, görüşlərdə bildirilib ki, payızlıq əkin sahələrinin sığortalanması üzrə fermerlər üçün nəzərdə tutulan müddət uzadılıb. Belə ki, Aqrar Sığorta Fondu elan edir ki, əkin sahələrinin sığortası ilə bağlı müraciətlərin emalı müddəti 15 yanvar 2024-cü il tarixinədək davam edəcək. Əkin sahələrini bəyan edən fermerlərə həmin müddətə qədər sığorta ilə bağlı SMS bildirişlərinin göndərilməsi təmin ediləcək və onlar öz əkinlərini bu tarixə qədər sığorta edə biləcəklər. Fond bildirir ki, 2024-cü il 15 yanvar tarixinədək göndərilən SMS-lər üzrə 5 iş günü ərzində ödənişlərin edilməsi mümkün olacaq. Tədbirlərdə Aqrar Sığorta Fondunun elektron xidmətləri, o cümlədən "Sığorta kalkulyator”u kimi yeniliklər də nümayiş olunub.
 


 

RƏYLƏR