Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sular üçün sutəmizləyici qurğuların tikintisi layihələrinə başlayıb.
Layihələrdən biri Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğunun tikintisidir.
İri Şəhərlərin Su Təchizatının mətbuat katibi Ceyhun Musaoğlu layihə haqqında məlumat verərək bildirib ki, ümumi uzunluğu 23 kilometr olan Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi, məhsuldarlığı gün ərzində 100 000 kubmetr olan tullantı sutəmizləyici qurğunun qurulması nəticəsində bir sıra qəsəbələrin kanalizasiya təchizatı təmin ediləcək: "Həmçinin bu işlər çərçivəsində Bakı buxtasının, Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyəti yaxşılaşdırılacaq. Lökbatan tullantı sutəmizləyici qurğusu layihəsi birinci mərhələdə Xocəsən, Sulutəpə, Şonqar, Lökbatan Yasamal, Badamdar, Bayıl, Bibiheybet massivlərini əhatə edəcək”.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğunun tikinti layihəsinə 2025-ci ildə başlanılıb və 2028-ci ildə tamamlanması nəzərdə tutulur.
Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin böyük məsləhətçi, mühəndis Mürsəl Ələşrəfov qeyd edib ki, bu layihə çərçivəsində nasos stansiya, incə barmaqlıq, kobud barmaqlıq, qumtutucu, yağtutucu, biofosfor, havalandırma, son durulducu hovuzları, disk filtrlər, UVE qurğusu tikiləcək: "Sonda çirkab su UVE qurğusundan keçərək bütün zərərli bakteriyalar zərərsizləşdiriləndən sonra dənizə yönləndiriləcək. Bu işlərin davamı olaraq dənizdə diametri 1600 mm, uzunluğu 2.7 km olan metal borular quraşdırılacaq. Qurğunun ərazisində enerji mərkəzi tikiləcək, ərazidə 6 kilovotluq şəbəkə yaradılacaq. Bir sözlə, təmizləyici qurğu ən müasir standartlara cavab verəcək”.
Hazırda qum və yağtutucu qurğusunda pərdə divarlarının armatur və qəlib işləri görülür. Biofosfor hovuzu qurğusunun armatur, havalandırma hovuzu qurğusunda svay bünövrə, temperatur tikişlərində izolyasia işləri həyata keçirilir. İnzibati binanın hörgü işləri də hazırda davam etdirilir.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi üzrə işlərin 50 faizi icra olunub.
Bu layihə Bakı şəhərinin kanalizasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində icra olunan ən mühüm layihələrdən biridir. Layihənin başa çatdırılması tullantı sularının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsinə, ekoloji təhlükəsizliyin gücləndirilməsinə, əhalinin sanitariya şəraitinin yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verəcək. Eyni zamanda, müasir texnologiyalar əsasında fəaliyyət göstərəcək sutəmizləyici qurğu tullantı sularının ekoloji standartlara uyğun təmizlənməsini təmin edəcək.





























