Masazırda qanunsuz tikinti LABİRİNTİ: Seymur Məmmədov və adamları Nurlan Həsənovla necə anlaşıblar?

OXUNUB: 281 İQTİSADİYYAT
Xatırladaq ki, Abşeron rayonu Masazır qəsəbəsində kütləvi şəkildə icazəsiz həyət evlərinin tikintisi ilə bağlı bir neçə dəfə material yayımlamışıq. Həmin yazılarda ərazidəki sakinlərin iddialarına əsasən, bəhs olunan tikinti işlərini həyata keçirən şəbəkənin Abşeron Rayon İcra Hakimiyyəti ilə anlaşaraq işlərini rahat şəkildə davam etdirdiyi vurğulanmışdı.

Hazırda Masazır qəsəbəsində heç bir rəsmi icazə olmadan və müvafiq sənədləşmə işləri aparılmadan qanunsuz həyət evlərinin kütləvi tikintisi daha çox "göl” adlanan ərazidə aparılır. Vaxtilə yaxınlıqdakı evlərdən tullantı sularının axıdıldığı kanalizasiyanın keçdiyi və kəskin üfunətin baş çatlatdığı o ərazi hazırda işbazlar tərəfindən müxtəlif üsullarla qurudularaq yerində həyət evləri tikilir.

O da qeyd olunmuşdu ki, "göl” adlanan ərazidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir icazəsi olmadan qanunsuz həyət evlərinin inşası bir neçə makler tərəfindən həyata keçirilir. Aparılan araşdırmada o da məlum olmuşdu ki, bu ərəfədə "göl” adlı ərazidə ümumilikdə 250-dən çox həyət evi qanunsuz olaraq tikilərək satılıb, 100-ə yaxın evin inşası isə davam etdirilir.

Ərazidə yaşayan sakinlər haqqında danışılan qanunsuz həyət evlərinin tikintisinin əsasən, Elçin və Xəyal adlı şəxslər tərəfindən aparıldığını söyləmişdilər. Sakinlər adları çəkilən bu şəxslərin Sumqayıt Şəhər İcra Hakimiyyətində yüksək vəzifə tutan məmur tərəfindən himayə edildiyini bildirmişdilər.

Mövzuya aid Yenicag.az-a daxil olan digər məlumatda isə Masazır qəsəbəsində "göl” adlanan ərazidə qanunsuz evlərin tikintisi ilə məşğul olan maklerlərin himayədarlarından birinin "Sumqayıt Bulvar” MMC-nin baş direktoru Seymur Məmmədov olduğu iddia edilib.

Qeyd edək ki, Seymur Məmmədov vaxtilə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsində işləyib. Əldə etdiyimiz məlumata görə, maklerlərə Masazırdakı "göl” adlanan ərazidəki topraq sahələrinin "əlverişli şərtlər”lə satışını da məhz Seymur Məmmədov təşkil edir. "Sumqayıt Bulvar” MMC-nin rəhbərinin "göl”ətrafı ərazilərdə torpaq sahələrini satmaqla bərabər, Abşeron Rayon İcra hakimiyyəti ilə qanunsuz tikinti aparan maklerlərin arasında vasitəçilik etdiyi də vurğulanır.

Qeyd etdiyimiz məlumatlar dərc edildikdən sonra Sumqayıt Bulvar” MMC-nin direktoru Seymur Məmmədov redaksiya ilə telefon əlaqəsi saxlayaraq, həmin ərazidə həyata keçirilən tikinti işlərinin onunla heç bir əlaqəsinin olmadığını və "göl” adlanan ərazidəki torpaqların iş adamı "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundova məxsus olduğunu dedi.

Seymur Məmmədov qanunsuz tikinti işlərini həyata keçirən şəxslərlə əlaqəsinin olmadığını inkar etsə də, Sumqayıt Bulvar” MMC-nin direktorunun bu "and-aman”ı qətiyyən inandırıcı deyil. Çünki "göl” adlanan ərazidə qanunsuz evlər tikərək onları kredit şərtləri ilə satışını reallaşdırdığı bildirilən Elçin və Xəyal adlı şəxslərin Seymur Məmmədovun ən yaxın adamları olduğunu Masazır qəsəbəsində bilməyən yoxdur.

Yenicag.az-ın əldə etdiyi başqa bir məlumatda isə Seymur Məmmədovun "göl” ərazisində tikinti işlərinə icazəni Abşeron Rayon İcra Hakimiyyətində bu sahəyə nəzarət edən Nurlan Həsənovdan aldığı iddia olunur. Ümumiyyətlə, Nurlan Həsənovun Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin həmyerlisi və ən yaxın adamı olmaqla yanaşı, eyni zamanda, onun "qara kassası” kimi tanındığı da çoxsaylı iddialar sırasındadır.

Nurlan Həsənov hazırda Abşeron Rayon İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi vəzifəsində işləyir. Qeyd edək ki, Seymur Məmmədov vaxtilə Abşeron Rayon İcra Hakimiyyətində Tikinti və Memarlıq şöbəsinin müdiri vəzifəsində çalışıb. Mediada iki ay öncə yayılan xəbərdə isə onun dələduzluğa görə məhkəməyə verildiyi bildirilmişdi.

Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə Seymur Məmmədov və ortağı Çingiz Təhməzov Cinayət Məcəlləsinin 178.3.2 maddələri ilə təqsirləndirilirdi. Zərərçəkmiş şəxslər isə Abşeron rayonu Saray Bələdiyyəsi, o cümlədən, vətəndaşlar Elşən Rəhmanlı ilə Elmir Şəmiyev olublar. Yekunda Seymur Məmmədovla ortağı Çingiz Təhməzovun 178.3.2 maddələri əsasında təqsirli bilinərək məhkəmə tərəfindən şərti cəza aldıqları qeyd olunurdu.

Maraqlıdır ki, haqqında dələduzluq maddəsi ilə cinayət işi açılan, məhkəmə tərəfindən şərti cəza alan bir şəxs necə və hansı əsasla "Sumqayıt Bulvar” MMC-nin direktoru vəzifəsinə təyin edilib? Mətbuatda yayılan və təkzib edilməyən məlumatlarda iddia edilir ki, Seymur Məmmədovun həbsdən qurtulmasına kömək edən şəxs Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov olub. Deyilir ki, məhz Zakir Fərəcov qanunlara məhəl qoymayaraq dələduzluğa görə şərti cəza almış Seymur Məmmədovu "Sumqayıt Bulvar” MMC-nin direktoru təyin edib.

Mövzunu davam etdirəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./Yenicag.az
 

 
 
 

RƏYLƏR