Mingəçevir Dövlət Universitetinin (MDU) "Tədqiqat Mövzu Hovuzu Platforması”nın təqdimat mərasimi keçirilib.
"Azərbaycan İES” MMC-də keçirilən tədbirdə universitetin rektoru Anar Eminov, stansiyanın inzibati heyəti, MDU-nun akademik və inzibati heyət üzvləri, həmçinin əmək bazarı və sənaye nümayəndələri iştirak ediblər.
MDU daha bir ilkə imza ataraq Türkiyənin Orta Doğu Teknik Universitetinin (ODTU) yanaşmasını tətbiq etməyə başlayıb. Yeni yanaşmaya əsasən, magistr dissertasiyaları real sektorla birbaşa əlaqələndirilir və tətbiqi xarakter daşıyır.
MDU-nun rektoru Anar Eminov platformanın universitet–sənaye inteqrasiyası baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu innovativ yanaşma tələbələrin yalnız nəzəri biliklərlə deyil, real sektorun problemlərinin həlli bacarıqları ilə formalaşmasına xidmət edir. Rektor platformanın yaradılmasında Ege Universitetinin təcrübəsinin mühüm rol oynadığını qeyd edib, həmçinin Türkiyənin Orta Doğu Teknik Universitetinin rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkürünü ifadə edib. "Tədqiqat Mövzu Hovuzu Platforması” magistrantlara sənaye və dövlət qurumlarının real ehtiyaclarından irəli gələn tədqiqat mövzularını seçmək imkanı yaradır. Eyni zamanda, tələbələr öz elmi-tədqiqat fəaliyyətlərini vahid rəqəmsal mühitdə idarə edə, dissertasiya prosesinin bütün mərhələlərini sistemli şəkildə izləyə bilirlər. Platforma plagiat yoxlanışı, elmi-pedaqoji təcrübənin monitorinqi və müdafiə qrafiklərinə çıxış kimi funksiyalarla təchiz olunub. Bu model vasitəsilə Azərbaycanda ilk dəfə olaraq təhsil, elm və sənaye vahid platforma üzərindən inteqrasiya edilərək qarşılıqlı şəkildə təkmilləşdiriləcək, dissertasiya işləri isə tətbiqi layihələrə çevriləcək.
Digər çıxış edənlər də bildiriblər ki, platforma sənaye tərəfdaşları və dövlət qurumları tərəfindən təqdim edilən aktual problemləri vahid məlumat bazasında toplayaraq magistrantların istifadəsinə açıq edir. Bu isə tədqiqat mövzularının real iqtisadi və sosial ehtiyaclara uyğunluğunu təmin edir. MDU-da magistr dissertasiyalarının hazırlanması üzrə yeni modelin tətbiqinə başlanıldığı da diqqətə çatdırılıb. Yeni metodiki sistemə əsasən dissertasiyalar yalnız akademik tədqiqat işi kimi deyil, həm də tətbiqi xarakterli layihələr kimi formalaşdırılır. Mövzular universitet strukturları ilə yanaşı, sənaye müəssisələri və dövlət qurumlarının təqdim etdiyi real problemlər əsasında müəyyən edilir. Bildirilib ki, platformaya ilk töhfə Türkiyənin Orta Doğu Teknik Universiteti tərəfindən verilib. Universitet tərəfindən 5 praktiki tədqiqat mövzusu təqdim olunub və həmin mövzular üzrə elmi rəhbərlər təyin edilib. Bu çərçivədə ODTU-nun prorektoru, professor Ömer Delialioğlu və digər alimlər elmi rəhbər qismində prosesə cəlb olunublar. Eyni zamanda, Ege Universiteti və "Huawei” şirkəti platformanın yaradılması prosesində mühüm dəstək göstəriblər. "Tədqiqat Mövzu Hovuzu Platforması” ilə yanaşı, universitetin xüsusi tədqiqat portalı – research.mdu.edu.az istifadəyə verilib. Bu portal vasitəsilə mövzu seçimi, elmi rəhbərlə əlaqələndirmə, tədqiqat prosesinin monitorinqi və nəticələrin paylaşılması vahid rəqəmsal mühitdə həyata keçirilir.
Qeyd olunub ki, yeni modelin hazırlanması və icrası universitetin elmi-tədqiqat potensialını birləşdirən iki əsas struktur – Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu və Dayanıqlı Enerji və Regional İnkişaf İnstitutu tərəfindən həyata keçirilir.
Sonda iştirakçılar platformanın funksionallığı ilə yaxından tanış olub, onun tətbiqi və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.




























