MDU-nun Ankara Hacı Bayram Veli Universiteti ilə yeni anlaşması: Magistratura səviyyəsi üzrə “Turizm və hotelçilik” ixtisası üzrə ikili diplom proqramı icra ediləcək

OXUNUB: 0 SOSİAL
Mingəçevir Dövlət Universiteti (MDU) ilə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində yerləşən Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) arasında Anlaşma Memorandumu (MoU) imzalanmışdır. MoU MDU-nun rektoru Anar Eminov və AHBVU-nun rektoru Prof. Dr. Mehmet Naci Bostancı tərəfindən imzalanıb.
Buna uyğun olaraq, 2025-ci il oktyabrın 16-da rektor A.Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti AHBVU-nun rektoru M.N.Bostancı ilə görüş keçirib.
Rektor M.N.Bostancı MDU-nun nümayəndə heyətini universitetdə görməkdən məmnunluğunu ifadə edərək, imzalanan Memorandumun Azərbaycan-Türkiyə ali təhsil əlaqələrinin inkişafında müstəsna rol oynayacağına əminliyini bildirib. O, həmçinin qardaş ölkənin ali təhsil müəssisəsi ilə birgə fəaliyyət göstərməkdən məmnun olduqlarını və daim dəstək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb. O, qeyd edib ki, memorandum gələcəkdə ortaq layihələr, ikili diplom proqramları, konfranslar, müəllim və tələbə mübadiləsi, birgə nəşrlər və tədris proqramlarının uyğunlaşdırılması sahələrində geniş imkanlar yaradacaqdır.
Rektor A.Eminov ğ bu səfərin ikitərəfli əməkdaşlıq üçün yeni səviyyə olduğunu, iki ölkənin universitetləri arasında qardaşlıq və intellektual körpü rolunu vurğulayıb. O, MDU-nun beynəlxalq əlaqələr strategiyasının mərkəzində Türkiyə ali təhsil sistemi ilə sıx inteqrasiyanın olduğunu qeyd edib və AHBVU ilə əməkdaşlığın bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edəcəyini bildirib. Sonda AHBVU rektoruna göstərdiyi diqqət və dəstəyə görə təşəkkürünü bildirən A.Eminov iki universitet arasında imzalanan Anlaşma Memorandumunun gələcəkdə birgə elmi tədqiqatlar, tədris proqramları və akademik mübadilə layihələrinin həyata keçirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
İmzalanmış MoU çərçivəsində bir sıra əsas istiqamətlər və fəaliyyət prinsipləri nəzərdə tutulur. Sənədə əsasən, tərəflər akademik və elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində ortaq tədqiqat layihələrinin, müəllim və tələbə mübadilələrinin, konfransların, seminar və simpoziumların təşkili, elmi nəşrlərin hazırlanması kimi fəaliyyətləri həyata keçirəcəklər. Tədris proqramlarının və fənn silabuslarının uyğunlaşdırılması, turizm, hotelçilik və digər sahələrdə ikili diplom və birgə sertifikat proqramlarının təşkili, birgə laboratoriyalardan və elmi avadanlıqlardan istifadə imkanlarının yaradılması da Memorandumun əsas müddəalarındandır. Eyni zamanda, innovasiya, startap və sahibkarlıq yönümlü layihələrdə tələbə və məzunların birgə iştirakı, inkubasiya və texnologiya transferi mərkəzlərinin əməkdaşlığı dastəklənəcək.
Qeyd edək ki, gələcəkdə bu əməkdaşlıq çərçivəsində yeni ortaq layihələr, ikili diplom proqramları, laboratoriyalar, müəllim-tələbə mübadiləsi imkanları və regional inkişaf üçün birgə təşəbbüslər həyata keçiriləcəkdir.
 





 

 

RƏYLƏR