Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti – Ömürboyu Təhsil Məktəbinin müdiri, dosent Azər Hüseyn, İnformasiya Texnologiyaları kafedrasının müdiri, dosent Aidə Mustafayeva və İqtisadiyyat kafedrasının müdiri, dosent Nüşabə Qədimli Türkiyənin Ege Universiteti Texnoparkında fəaliyyət göstərən DEPARK – Kuluçka (İnkubasiya) Mərkəzini ziyarət etmişlər. Görüş zamanı DEPARK rəhbərliyi mərkəzin startap ekosistemi, innovativ layihələrin inkişaf mexanizmləri və universitet–sənaye əməkdaşlığı istiqamətində həyata keçirilən uğurlu təcrübələr barədə geniş təqdimatla çıxış etmişdir.
Müzakirələr zamanı tərəflər bir sıra strateji əməkdaşlıq istiqamətlərini nəzərdən keçirmişlər. Bu istiqamətlərə startapların inkişafı üçün birgə inkubasiya proqramlarının həyata keçirilməsi, Hackathon və InnoWeek tipli beynəlxalq innovasiya yarışlarının MDU və Ege Universiteti tərəfdaşlığı ilə təşkili, gənc tədqiqatçılar və tələbələr üçün "Startap Məktəbi” modelinin yaradılması, investor və mentor şəbəkələrinin qurulması, eləcə də DEPARK innovasiya laboratoriyalarından MDU tələbələri və tədqiqatçılarının istifadə imkanlarının genişləndirilməsi daxildir.
Əldə olunan razılaşmalara əsasən:
MDU tələbələrinin DEPARK-da startap layihələrinin inkubasiya mərhələsində iştirakına şərait yaradılacaq;
MDU və Dokuz Eylül Universitetinin birgə startap mentorluq proqramı hazırlanacaq;
Texnoloji transfer, rəqəmsal sahibkarlıq və innovasiya idarəçiliyi üzrə birgə təlimlərin təşkili nəzərdə tutulacaq;
Hər iki universitetin akademik heyəti və tələbələrinin startap müsabiqələri və innovasiya sərgilərində ortaq iştirakı təmin ediləcək;
"MDU–DEPARK Startap Körpüsü” layihəsi çərçivəsində hər il birgə innovasiya həftələri və startap düşərgələrinin təşkili planlaşdırılacaq;
Gənc tədqiqatçılar üçün "MDU–Depark Startap Akademiyası” adlı ortaq tədris platformasının yaradılması nəzərdə tutulacaq;
DEPARK-ın texnoloji laboratoriyalarında MDU-nun tələbə və müəllimlərinə qısamüddətli təcrübə və tədqiqat imkanları təqdim olunacaq;
Eyni zamanda, hər iki tərəf regionda innovasiya və sahibkarlığın təşviqi məqsədilə "Azərbaycan–Türkiyə Startap Forumu”nun təsis olunması barədə ilkin razılığa gəlib.
Bu əməkdaşlıq Mingəçevir Dövlət Universitetində innovasiya və startap mədəniyyətinin formalaşmasına, tələbələrin yaradıcılıq, texnoloji düşüncə və sahibkarlıq bacarıqlarının inkişafına mühüm töhfə verəcəkdir. MDU-nun rektoru, professor Anar Eminovun rəhbərliyi ilə həyata keçirilən beynəlxalq əməkdaşlıq strategiyası universitetin elmi-tədris fəaliyyətinin qlobal innovasiya şəbəkələrinə inteqrasiyasını təmin etməklə, Azərbaycan–Türkiyə təhsil və texnologiya körpüsünün daha da möhkəmlənməsinə xidmət edir.



