MDU və Ege Universiteti: Gələcəyin Mühəndisləri üçün yeni imkanlar və çağırışlar

OXUNUB: 54 SOSİAL

 

Mingəçevir Dövlət Universitetinin rəhbərliyi tərəfindən həyata keçirilən beynəlxalq əməkdaşlıq strategiyasının növbəti uğurlu mərhələsi Türkiyənin Ege Universiteti (EÜ) ilə görüş zamanı reallaşmışdır. Bu görüşdə MDU-nun Ömürboyu Təhsil Məktəbinin müdiri dosent Azər Hüseyn və İnformasiya Texnologiyaları kafedrasının müdiri dosent Aidə Mustafayeva iştirak etmiş, Ege Universitetinin Kompüter Mühəndisliyi fakültəsinin dekanı Prof. Dr. Osman Ünalır, İnformatika kafedrasının müdiri Prof. Dr. Fırat Sarsar və Kompüter və Təhsil Texnologiyaları Təhsili kafedrasının müdiri Prof. Dr. Tarık Kışla ilə səmərəli elmi tədqiqat-tədris istiqamətində müzakirələr aparılmışdır.

Görüş zamanı iki ali təhsil müəssisəsi arasında real ikili diplom proqramlarının təşkili, birgə elmi-tədqiqatların aparılması və qarşılıqlı akademik mübadilə imkanları geniş şəkildə müzakirə olunmuşdur. Əldə olunan razılaşmalara əsasən:

Ege Universitetinin professor-müəllim heyətindən olan alimlər MDU-nun magistr dissertasiyalarına ikinci elmi rəhbər kimi cəlb edilməsi;

MDU-nun magistratura təhsil səviyyəsində İnformatika müəllimliyi ixtisası üzrə   ikili diplom proqramının tətbiqi;

MDU-nun magistratura təhsil səviyyəsində Kompüter mühəndisliyi ixtisası üzrə ikili diplom proqramının tətbiqi;

Doktorantura təhsil səviyyəsi üzrə İnformatika müəllimliyi və Kompüter mühəndisliyi ixtisası üzrə 8 nəfər əməkdaşın təhsil alma imkanının razılaşdırılması;

Hər iki universitetin alimləri və tədqiqatçıları birgə elmi layihələrin və beynəlxalq araşdırmaların aparılması istiqamətində əməkdaşlıq imkanları.

Bu əməkdaşlıq çərçivəsində MDU magistrantlarının Ege Universitetində təhsil alma imkanları onların beynəlxalq təcrübə qazanmasına, elmi potensialının güclənməsinə və müasir İT sahəsində rəqabətədavamlı mütəxəssislər kimi formalaşmasına mühüm töhfə verəcəkdir.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərliyi ilə həyata keçirilən bu təhsil islahatları Azərbaycan ali təhsil sisteminin beynəlmiləlləşməsi və ölkənin peşəkar kadr siyasətinin müasir tələblər səviyyəsində formalaşdırılmasında atılan növbəti ən uğurlu addımlardan biri hesab olunur.

 

 







 


RƏYLƏR