Sənət dostları əməkdar artist Dilarə Əliyevayaya maraqlı sürpriz hazırlayıb.
Şairə Sevinc Çılğının Dilarə xanıma ithaf etdiyi "Dostum" şeirinə Xalq artisti Mehriban Zəki və Pərviz Hüseyn mahnı bəstələyiblər.
Yeni mahnı Mehriban Zəkinin ifasında ekranlaşdırılıb.
"Dostum" klipinin rejissoru İlham Yaşaroğlu və Sevinc Çılğın, operatoru Kənan Məmmədov, gafferi Nihad Malikli, montajçısı Tacəddin Dəmirov, prodüseri isə Günay Məhərrəmovadır.

Dilarə Əliyeva 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Teatr kollektivinin rəhbəri" fakültəsini bitirib. 1996-cı ildən 2009-cu ilədək C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyib.
Dilarə Əliyeva aktrisa kimi fəaliyyət göstərdiyi müddətdə müxtəlif janrlı tamaşalarda maraqlı rollar oynayıb. O, bir sıra televiziya filmlərində də çəkilib.
Dilarə Əliyeva ATV telekenalının populyar "Çal-çağır" proqramının aparıcısı olub. Hazırda isə ARB telekanalında "Söhbət Var" proqramının aparıcısıdır. "SOY Production" mərkəzinin mərhum rəhbəri Oqtay Əliyevin həyat yoldaşıdır. İki övladı var: Aytən və Banu.
O, Xalq artistləri Elmira İsmayılova və Vidadi Əliyevin gəlinidir, Vüsal Murtuzəliyevin bacısıdır. 16 oktyabr 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb.
























