"Mən heç vaxt bu qədər uşaq cəsədi görməmişdim" – Xilasedicidən tükürpədici açıqlama

OXUNUB: 628 DÜNYA
"Mən bu qədər uşaq cəsədi görməmişdim" – Bu sözləri yanğın baş verən ticarət mərkəzində axtarış aparan xilasedici söyləyib.

Rusiyanın Kemerovo şəhərindəki "Zimnyaya vişnya" ticarət mərkəzində baş verən yanğında həlak olanların axtarışı yalnız hadisənin üçüncü günündə, 27 martda başa çatıb. RF Fövqəladə Hallar Nazirliyinin əməkdaşı yanmış binada axtarış əməliyyatının dəhşətləri barədə danışarkən bunları deyib: "İş şəraiti son dərəcə çətin idi. Biz içəridə neçə nəfərin olduğunu bilmirdik, cəsədlərə toxunaraq gedirdik, döşəmə cırıldayırdı. Çökmə riski böyük idi, lakin biz irəliləyirdik".

Onun sözlərinə görə, binada görmə şəraiti sıfıra yaxın idi: "Toxunmaqla axtarış aparırdıq, tüstü yuxarı qalxırdı, onlar yerdə olduqları üçün əllər və ayaqlarla toxunmaqla tapırdıq. Mən heç vaxt bu qədər uşaq cəsədi görməmişdim. Mən səs eşitmirdim. Cəsədlər, demək olar ki, hər yerdə idi, balacalar çox idi, onları zaldakı kresloların altından çıxarırdıq".

Fövqəladə Hallar Nazirliyinin əməkdaşının sözlərinə görə, ancaq cəsəd axtarılırdı, çünki bu yanğından sonra kiminsə sağ qalması mümkün deyildi. Əməkdaşın dediyinə görə, axtarış əməliyyatının təhlükəli olmasına baxmayaraq, heç kim həmin gün işə çıxmaqdan imtina etməmişdi.
 
Xilasedicinin sözlərinə görə, "Zimnyaya vişnya" ticarət mərkəzinə baş çəkənlər üçün ölümcül amillərdən biri çaxnaşmanın yaranması olub: "Sadə qaydalar var: yanğın zamanı üzünü nəm bir parça ilə bağlayırsan və yerdə uzanırsan, çünki tüstü yuxarı qalxır. Amma bu izdiham çaxnaşma yaradıb, bina isə çox tez alovlanıb".

Qeyd edək ki, Kemerovo şəhərinin "Zimnyaya vişnya" ticarət mərkəzində yanğın dördüncü mərtəbədə başlayıb. Burada kinoteatr, uşaqlar üçün istirahət və əyləncə zonaları yerləşirdi.

27 martda Rusiya dövlət başçısı Vladimir Putin Kemerovoya gedib. Prezident xəstəxanadakı yaralıları ziyarət edib və bədbəxt hadisə baş verən ticarət mərkəzinin yaxınlığındakı parkda yerli sakinlərin təşkil etdiyi abidənin önünə çiçəklər qoyub. Bununla yanaşı, V. Putin yerli hakimiyyət orqanları rəhbərləri ilə təcili görüş keçirib. Kemerovo vilayətinin qubernatoru Amangəldi Tuleyev dövlət başçısına vilayət rəhbərliyi tərəfindən həlak olanların yaxınlarına qayğı göstərildiyini, hər ailənin fərdi həkim, psixoloq və sosial məsləhəçidən ibarət mütəxəssis qrupu ilə təmin olunduğunu bildirib.

Ölənlərin quhumları bildiriblər ki, ümumilikdə 41 uşaq binada diri-diri yanaraq ölüb. Yanğında bir ailə bütünlüklə həlak olub. /Bizimyolinfo.com
 
İcmal.Az

RƏYLƏR