Planetin sürətlə istiləşməsi fonunda metan emissiyalarının azaldılması qlobal miqyasda ən təcili ekoloji prioritetlərdən biri kimi qiymətləndirilir. "Metan emissiyalarının azaldılması daha sağlam və dayanıqlı gələcək qura bilərmi?” mövzusunda keçirilən beynəlxalq vebinar məhz bu istiqamətdə səmərəli həllərin müzakirəsinə həsr olunub.
Tədbir Parlamentlərarası İttifaq (IPU), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) birgə təşkilatçılığı ilə baş tutub. Vebinarın məqsədi parlamentlər, hökumətlər, vətəndaş cəmiyyəti və ekspertlər arasında metan emissiyalarının təsirləri və onların azaldılması istiqamətində səmərəli milli strategiyalar barədə əməkdaşlıq dialoqu yaratmaq olub.
Azərbaycan Respublikasının Milli Məclisini tədbirdə iştirak edərək deputat Məzahir Əfəndiyev təmsil edib.
Vebinarda çıxış edən BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının ekspertləri Dario Licuti, Emelin Plukton, Sonq Min Nam, eyni zamanda Parlamentlərarası İttifaqın nümayəndəsi Aleksandra Blaqoyeviç metan emissiyalarının azaldılmasının planetin sürətlə soyudulmasına ən güclü təsir göstərən addımlardan biri olduğunu vurğulayıblar. Mütəxəssislər metan emissiyalarının qısa müddətdə iqlim dəyişikliyi təsirlərini azaltmaq üçün kritik əhəmiyyət daşıdığını qeyd ediblər. Onlar kənd təsərrüfatı, enerji və tullantı idarəçiliyi sektorlarında tətbiq olunan uğurlu təcrübələri, həmçinin ölkələr arasında bilik və texnologiya mübadiləsinin vacibliyini diqqətə çatdırıblar.
Tədbir iştirakçıları atmosferə metan buraxılışının azaldılmasının həm iqlim böhranının cilovlanmasına, həm də əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşmasına töhfə verəcəyini bildiriblər. Vebinarın sonunda dövlət qurumları ilə parlamentlər arasında koordinasiyanın gücləndirilməsi və bu sahədə daha konkret milli və regional tədbirlərin həyata keçirilməsi ilə bağlı tövsiyələr səsləndirilib.























