Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin bu vəzifəyə təyinatından sonra rayonun və onun inzibati mərkəzi Xırdalan şəhərinin yolları ilə bağlı narazılıqlar səngimir.
Mediada və sosial şəbəkələrdə yolların bərbad olması barədə materiallara rast gəlinir.
Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə 2022-ci ildə təyin edilib.
Həmin ildən bu yana Abşeron rayonunun və Xırdalan şəhərinin yollarının əsaslı təmiri ilə bağlı 6 tender keçirilib.
Bu tenderlərdən ikisi bu il, ikisi ötən il, biri 2023-cü ildə. biri isə 2022-ci ilə təsadüf edib.
Abşeron rayonunda yolların əsaslı təmiri ilə bağlı cari ildə keçirilən tender üzrə satınalma predmetinin qiyməti 1 443 632,95 manat olub.
Xırdalan şəhərində yolların əsaslı təmiri ilə bağlı tender üzrə isə satınalma predmetinin qiyməti 1 479 841,21 manat təşkil edib.
Tenderləri Abşeron Rayon İcra Hakimiyyəti və Xırdlaan Şəhər Nümayəndəliyi keçirib.
Cari ildə keçirilən hər iki tenderin qalibi "Proqress İnşaat En” şirkəti olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Proqress İnşaat EN” MMC 29 noyabr 2021-ci ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 1000 AZN-dir. Şirkətin qanuni təmsilçisi Abuzərov Kamran Zülfəli oğludur.
Nə şirkət, nə də Kamran Abuzərov haqqında açıq mənbələrdə məlumat var.
2024-cü ildə də Abşeron rayonunda və Xırdalan şəhərində yolların təmirini bu şirkət həyat keçirib.
Şirkətin Abşeron Rayon İcra Hakimiyyətinin və Xırdalan Şəhər Nümayəndəliyinin yol təmiri ilə bağlı tenderlərində ard-arda iki il qalib seçilməsi müəyyən şübhələrə yol açır.
Adətən bu tenderlər qarşılıqlı razılaşma əsasında tərəflərin korporativ maraqlarının təmin olunması ilə qzanılır.



















