2026-cı ilin 29 yanvar tarixində Mingəçevir Dövlət Universiteti və "Techera”nin birgə təşkilatçılığı ilə keçirilən Məktəblilər arasında Regional Riyaziyyat Olimpiadasının Mingəçevir şəhəri üzrə mərhələsinin yekun nəticələri açıqlanıb və qalib şagirdlər təltif olunub.
Yeddi rayonu — Mingəçevir şəhəri, Zərdab, Kürdəmir, Ucar, Ağdaş, Göyçay və Yevlaxı əhatə edən olimpiadanın Mingəçevir mərhələsində şəhərin ümumtəhsil məktəblərindən olan istedadlı 8,9, 10 və 11-ci sinif şagirdləri iştirak edərək müxtəlif çətinlik səviyyəli riyazi tapşırıqlar üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.
Olimpiadanın yekun nəticələrinə əsasən mingəçevirli məktəblilərdən Yusif Babayev I, Aylin Hüseynova II, Gülay Zeynallı və Zəhra Həsənova III yerdə qərarlaşıb.
Həmçinin Əli Qaziyev, İlham Cumalıyev, Nəzrin Mehdiyeva, Aylin Mirzəli, Zeynəb Sadıqzadə və Toğrul Əlizadə yüksək nəticələrinə görə həvəsləndirici yerlərə layiq görülüblər.
Qaliblər və fərqlənən şagirdlər diplom və sertifikatla təltif olunublar. Təltifetmə mərasimində iştirakçılara uğurlar arzulanıb, onların gələcəkdə bu uğurlarını davame edəcəklərinə inam ifadə olunub.
Qeyd edək ki, Regional Riyaziyyat Olimpiadasının əsas məqsədi regionlarda istedadlı və bilikli şagirdlərin aşkar edilməsi, onların məntiqi təfəkkürünün, analitik düşünmə və problem həll etmə bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda şagirdlərin respublika səviyyəli olimpiadalara məqsədyönlü hazırlanmasına dəstək göstərilməsidir. Bu cür intellektual yarışlar regionun təhsil potensialının gücləndirilməsinə və gənclərin elmi istiqamətdə formalaşmasına mühüm töhfə verir.


























