Mingəçevir Dövlət Universitetində İnnovativ Tədris və İnkişaf Layihəsi (ALTAR) çərçivəsində dərslərə başlanılıb

OXUNUB: 73 SOSİAL
2025-ci ilin 16 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində "ALTAR” (Advanced Learners for Technology, Analysis & Research) – İnnovativ Tədris və İnkişaf layihəsi çərçivəsində dərslərə başlanılıb. İlk dərsi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) əməkdaşı Nemət Rəhimli keçib.

Tədbirdə açılış nitqi ilə çıxış edən MDU-nun Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva və İnformasiya texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva layihənin məqsəd və əhəmiyyətindən söz açaraq tələbələrə uğurlar arzulayıblar.

ALTAR layihəsi MDU-da informasiya təhlükəsizliyi sahəsində istedadlı tələbələrin inkişafına, onların beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssislərə çevrilməsinə və universitetin elmi-texnoloji potensialının gücləndirilməsinə xidmət edir. Layihə müasir beynəlxalq standartlara uyğun olaraq tələbələrə həm nəzəri bilik, həm də praktiki bacarıqlar qazandırmağı hədəfləyir.

Proqram çərçivəsində tələbələr kibertəhlükəsizlik, şəbəkə təhlükəsizliyi, əməliyyat sistemləri, veb təhlükəsizlik, kriptoqrafiya və rəqəmsal kriminalistika üzrə dərslər və laborator məşğələlərdə iştirak edəcəklər. AKM-in dəstəyi ilə onlar real layihələrdə praktiki təcrübə əldə edəcək, həmçinin CompTIA Security+, CEH, Cisco CyberOps, ISC² SSCP və digər beynəlxalq sertifikat proqramları üzrə biliklərini artırmaq imkanı qazanacaqlar.

Layihə eyni zamanda tələbələrin startaplara qoşulmasına, hakatonlar və CTF yarışlarında iştirakına, milli kibertəhlükəsizlik məhsullarının hazırlanmasında fəal rol oynamasına şərait yaradacaq. Bununla yanaşı, Cisco Networking Academy və CrowdStrike kimi beynəlxalq təhsil platformalarının modulları adaptasiya edilərək tələbələrə müasir texnologiyalar üzrə biliklər təqdim olunacaq.

Qeyd edək ki, 48 ay müddətinə nəzərdə tutulan ALTAR layihəsi uğurla başa çatdıqdan sonra MDU-nun informasiya təhlükəsizliyi üzrə ölkənin lider tədris və inkişaf mərkəzlərindən birinə çevrilməsinə, tələbələrin isə innovativ düşüncə və tədqiqat bacarıqlarını artıraraq beynəlxalq səviyyədə tanınan peşəkar mütəxəssislər kimi yetişməsinə xidmət edəcək.
 
 1

3
4
5
6
7

 

RƏYLƏR