2026-cı ilin 29 yanvar tarixində Mingəçevir Dövlət Universitetində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə yaradılan İqtisadi Analitika və Modelləşdirmə Laboratoriyasının (Economic Analytics and Modeling Laboratory – EAML) açılışı keçirilib.
Açılış mərasimində universitet rəhbərliyi, akademik və inzibati heyət üzvləri ilə yanaşı, Milli Məclisin deputatı Ceyhun Məmmədov, həmçinin Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər laboratoriyanın müasir iqtisadi təhlil və rəqəmsal modelləşdirmə istiqamətində aparılan islahatların tərkib hissəsi olduğunu vurğulayaraq, onun ali təhsildə elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, müasir iqtisadi yanaşmaların tətbiqi və tələbələrin praktiki bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Bildirilib ki, EAML-in əsas məqsədi iqtisadi proseslərin elmi əsaslarla təhlili, ekonometrik və analitik modellərin qurulması, proqnozlaşdırma imkanlarının genişləndirilməsi və qərar qəbuletmə proseslərinin elmi əsaslarla dəstəklənməsidir. Laboratoriya eyni zamanda iqtisadiyyat və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri biliklərinin praktiki tətbiqlə möhkəmləndirilməsinə, müəllim və tədqiqatçıların elmi araşdırmalarının aparılmasına geniş imkanlar yaradacaq.
Laboratoriyada quraşdırılan müasir kompüter avadanlıqlarına ekonometrika, statistika və iqtisadi modelləşdirmə sahələrinə dair ixtisaslaşmış proqram təminatları yüklənib. Bu proqramlar vasitəsilə böyük həcmli iqtisadi məlumatların analizi, müxtəlif iqtisadi ssenarilər üzrə modelləşdirmə və hesablama işlərinin aparılması mümkün olacaq.
Qeyd edək ki, İqtisadi Analitika və Modelləşdirmə Laboratoriyasının fəaliyyəti Mingəçevir Dövlət Universitetində elmi-tədqiqat mühitinin inkişafına, innovativ yanaşmaların tətbiqinə və əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli kadrların hazırlanmasına mühüm töhfə verəcək.

























