Mingəçevir Dövlət Universitetində müəllimlərin beynəlxalq sertifikasiyaya hazırlığına start verilib

OXUNUB: 0 SOSİAL
Mingəçevir Dövlət Universitetində (MDU) müəllimlərin xarici dil biliklərinin inkişafı və tədrisin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır.
Belə ki, bu gün universitetin Xarici dillər kafedrasının 7 müəllimi TKT (Teaching Knowledge Test) Module 1 imtahanında iştirak ediblər. Bu imtahan Cambridge University Press & Assessment təşkilatının beynəlxalq səviyyədə tanınan sertifikasiya proqramıdır və müəllimlərin peşəkar inkişafına mühüm töhfə verir.
Xatırladaq ki, 2025-ci ilin may ayında MDU ilə "Cambridge University Press & Assessment”in Azərbaycandakı rəsmi nümayəndəsi olan ITAC (International Training and Assessment Center) arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində universitetdə tədris proqramlarının Cambridge standartlarına uyğunlaşdırılması, müəllim və tələbələrin TKT və digər beynəlxalq imtahanlarda iştirakı nəzərdə tutulur.
Bununla yanaşı, "İngilis dilinin qiymətləndirilməsi və tədrisi” layihəsi çərçivəsində universitetin 40 əməkdaşı üçün ödənişsiz peşəkar İngilis dili kursu təşkil ediləcək. Təlimlər British Council, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və MDU əməkdaşlığı ilə həyata keçiriləcək. Oktyabrın 6-dan başlayacaq proqram hibrid formada (onlayn və üzbəüz seminarlarla) keçiriləcək və iştirakçıların səviyyəsi layihədən öncə British Council Aptis diaqnostik imtahanı ilə müəyyənləşdiriləcək.
Təlim proqramı çərçivəsində B2 səviyyəsindən aşağı olan müəllimlər üçün 160 akademik saatlıq ümumi ingilis dili kursu, B2 və daha yüksək səviyyədə olan müəllimlər üçün 80 saat ümumi ingilis dili və 80 saat metodika təlimi, fənn müəllimləri üçün isə 140 akademik saat ümumi ingilis dili və metodika təlimi təşkil ediləcək.
Qeyd edək ki, bu təşəbbüslər MDU-da pedaqoji heyətin peşəkarlığının artırılmasına, beynəlxalq sertifikasiyaya çıxış imkanlarının genişləndirilməsinə və tədrisin keyfiyyətinin qlobal standartlara uyğunlaşdırılmasına xidmət edir.
 
 
 

RƏYLƏR