2026-cı ilin 29 yanvar tarixində Mingəçevir Dövlət Universitetində 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinə əsasən bütün fənlər üzrə 100 bal toplayan təhsilalanların təltif edilməsi həyata keçirilib.
Yekun qiymətləndirmə nəticələrinə əsasən əyani formada təhsil alan 8 tələbə və 6 magistrant yüksək akademik göstəricilərinə görə fərqləniblər.
Fərqlənən təhsilalanlar "Zirvəyə doğru” Təqaüd, Beynəlxalq Təhsil və Elmi İnnovasiyalar Platformasının təqdimat tədbiri çərçivəsində sertifikatlarla təltif olunublar.
İmtahan sessiyasının yekununda 2025/2026-cı tədris ilinin payız semestrinin nəticələrinə əsasən 100 ÜOMG ilə fərqlənən tələbə və magistrantlara Mingəçevir Dövlət Universitetinin rektorunun "Fəxri təqaüdü” təqdim olunacaq.
Təltifetmə universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələr arasında sağlam rəqabət mühitinin formalaşdırılması, akademik nailiyyətlərin stimullaşdırılması və yüksək nəticə göstərən gənclərin təşviq edilməsi məqsədi daşıyır.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində imtahan sessiyaları şəffaflıq, obyektivlik və ədalətlilik prinsipləri əsasında təşkil olunur. Yekun qiymətləndirmədə maksimum nəticə əldə edən tələbə və magistrantların mükafatlandırılması universitetdə elmi-tədris fəaliyyətinə verilən önəmin bariz göstəricisidir.

























