Hörmətli Mingəçevir şəhər sakinləri!
Əziz universitetimizin professor-müəllim heyəti, əməkdaşları və tələbələri!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni İl münasibətilə Mingəçevir Dövlət Universitetinin kollektivi və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Bu əlamətdar günlər bütün dünya azərbaycanlılarını eyni amal, eyni milli kimlik və Vətən sevgisi ətrafında birləşdirən mənəvi körpüdür. Həmrəylik günümüz xalqımızın birliyinin, gücünün və sarsılmaz iradəsinin rəmzidir. Yeni il isə yeni ümidlər, yeni hədəflər və yeni uğurlar deməkdir.
Mingəçevir Dövlət Universiteti olaraq şəhərimizin ictimai-mədəni və elmi həyatında fəal iştirak etməyi, gənclərimizin bilikli, vətənpərvər və rəqabətqabiliyyətli kadrlar kimi yetişməsini əsas prioritetimiz hesab edirik. Bu yolda əməyi olan hər bir müəllimə, əməkdaşa və böyük ümidlər bəslədiyimiz tələbələrimizə dərin təşəkkürümü bildirirəm.
Arzu edirəm ki, yeni il hər birinizə möhkəm cansağlığı, ailə səadəti, işlərinizdə uğur, həyatınıza sevinc və firavanlıq gətirsin. Qoy 2026-cı il ölkəmiz, şəhərimiz və universitetimiz üçün inkişaf və nailiyyətlər ili olsun.
Bayramınız mübarək olsun!
Hörmətlə,
Anar Eminov
Mingəçevir Dövlət Universitetinin rektoru



















