Mingəçevirdə COVİD-19 virusuna qarşı vaksinasiyaya başlandı

OXUNUB: 167 SOSİAL
Mingəçevirdə  əhalinin peyvənd olunması işlərinə başlanılıb. Bununla bağlı  şəhər Mərkəzi xəstəxanasının infeksion şöbəsinin binasında təhlükəli virusa qarşı mübarizə məqsədilə  xüsusi vaksin otaqları və  peyvəndlərin aparılması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Xəstəxananın Keyfiyətə Nəzarət rəhbəri Səadət Səmədova bildirib ki, prosesə  dünəndən etibarən start verilib: ”Mingəçevir şəhərində 3 vaksinasiya məntəqəsi var və hər birində  8 vaksinasiya otağı mövcuddur. Dünəndən etibarən bütün məntəqələrdə tibb işçilərinin vaksinasiyasına başlanıb. Gün ərzində 180-200 nəfər vaksinasiya olunur. İlkin olaraq vaksinasiyaya gələnlər həkim müayinəsindən keçir, qeydiyyata düşdükkdən sonra  vaksinasiya otaqlarına göndərilir. Vaksin olunmuş vətəndaşlar 30 dəqiqə ərzində hər hansı narahatlıqla üzləşmirlərsə,  evə göndərilir. Növbəti mərhələdə risk qrupuna aid  vətəndaşlar vaksinasiyaya cəlb olunacaqlar. Bundan sonra şəhərdəki idarə və  müəssisələrin işçilərinə vaksinlər vurulacaq. Bir neçə gündür ki, həmin təşkilatlar öz işçilərinin siyahısını xəstəxananın elektron poçtuna   göndərirlər”. .

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə  "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq, vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq. Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.
 

RƏYLƏR