Xətai rayonu, Əhmədli metrosu yaxınlığında yerləşən "Moon kids" adlı uşaq geyimləri mağazasının satıcısı müştərinin kart hesabından pulları oğurlayıb.
Oğurluğa görə saxlanılan 1999-cu ildə Bakı şəhərində anadan olmuş C.X. barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, S.V. adlı zərərçəkmiş xanım mağazadan övladları üçün paltar alıb. C.X. satıcı kimi işlədiyi mağazada zərərçəkmiş qadının kassirə verdiyi bank kartının 16 rəqəmli nömrəsini və arxasındakı 3 rəqəmli kodu əzbərləyib, öz telefonuna qeyd edib. Daha sonra təqsirləndirilən şəxs həmin bank kartını "Wolt" və "Temu" hesablarına əlavə edib. Hissə-hissə olmaqla hər iki platformada ümumilikdə 787,77 AZN məbləğində etdiyi sifarişlər üçün ödənişlər edərək, zərərçəkmə ziyan vurub.
Təqsirləndirilən şəxs sonuncu dəfə "Wolt" tətbiqi ilə 14,42 AZN dəyərində şirniyyat sifarişini satıcı işlədiyi "Moon kids" adlı uşaq geyimləri dükanına edib.
O, törətdiyi əməlindən səmimi peşman olduğunu, zərərçəkmişə vurulmuş zərəri tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirib. C.X. bildirib ki, artıq "Moon kids" mağazasından işdən çıxıb və hazırda heç yerdə işləmir.
Məhkəmənin hökmü ilə C.X barəsində 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.