Klinik.Media xəbər verir ki, sosial şəbəkələrdə fizioterapevt Ravil Hüseynovun bel ağrılarının müalicəsinə həsr olunan videosu müzakirə mövzusu olub. Videoda qadının geyimi və bədəninin nümayiş forması, eləcə də mütəxəssisin onun omba nahiyəsinə toxunaraq apardığı prosedurun təqdimatı suallar yaradır: Tibbi maarifləndirmə ilə seksual məzmunlu görüntülər arasında sərhəd harada başlayır?
Əlbəttə, fizioterapiyada bədənin müxtəlif nahiyələrinə toxunmaq, əzələlərlə işləmək və müəyyən manipulyasiyalar aparmaq müalicənin bir hissəsi ola bilər. Ancaq tibbi prosedurun sosial şəbəkədə necə təqdim edilməsi də peşə məsuliyyətinin vacib tərəfidir. Hər bir toxunuşun tibbi zərurəti, pasiyentin razılığı və prosedurun məqsədi aydın olmalıdır.
Tibb mütəxəssisinin məqsədi diqqət çəkmək deyil, sağlamlığa xidmət etməkdir. Əgər tibbi məzmunlu video əsasən bədənin seksual görüntüsü ilə yadda qalırsa, bu zaman maarifləndirmənin məqsədi və peşə etikası barədə əsaslı suallar yaranır.
Məsələ yalnız bir video ilə də bitmir. Sosial şəbəkələrdə daha çox baxış, paylaşım və izləyici toplamaq istəyi bəzən peşəkar fəaliyyətin təqdimatını ikinci plana keçirə bilər. Halbuki səhiyyə sahəsində çalışan şəxslər cəmiyyətin etimadını qorumalı, tibbi məlumatı düzgün və məsuliyyətli şəkildə təqdim etməlidirlər.
Digər mühüm məqam isə auditoriyadır. Bu videolara yalnız böyüklər deyil, yeniyetmələr və uşaqlar da baxa bilirlər. Seksuallaşdırılmış təqdimatın tibbi maarifləndirmə adı altında yayılması sağlamlıqla bağlı məlumatların qəbuluna, bədənə münasibətə və peşəkar tibbi xidmət haqqında təsəvvürlərə mənfi təsir göstərə bilər. Xüsusilə uşaqların internetdə hansı məzmunla qarşılaşdığı məsələsi diqqətdən kənarda qalmamalıdır.
Sosial şəbəkələrdə tibbi videolar hazırlanarkən elmi əsas, pasiyentin ləyaqəti, şəxsi sərhədlər və ictimai məsuliyyət ön planda olmalıdır. Müalicə üsulunu göstərmək mümkündür, lakin bunun üçün seksual xarakterli təqdimata ehtiyac olmamalıdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytında dərc olunan məlumatda həkimlərin media vasitəsilə maarifləndirmə fəaliyyətində etik normalara əməl etməli, çıxışlarını elmi-praktik məzmun üzərində qurmalı olduqları bildirilir.
Bu baxımdan Səhiyyə Nazirliyinə və TƏBİB-ə çağırış edirik: məsələni müvafiq səlahiyyətlər çərçivəsində nəzərdən keçirmək, videoda təqdim edilən prosedurun tibbi zərurətini və təqdimatın peşə etikası baxımından uyğunluğunu qiymətləndirmək məqsədəuyğun olardı.
Sualımız sadədir: tibbi maarifləndirmə cəmiyyətə sağlamlıq haqqında bilik verməlidir, yoxsa baxış toplamaq naminə mübahisəli görüntülər yaratmalıdır?
Səhiyyədə peşəkarlıq yalnız müalicənin nəticəsi ilə deyil, pasiyentə münasibət, etik davranış və cəmiyyət qarşısında məsuliyyətlə də ölçülür./Klinik.Media
7NEWS.az

















