Narkomaniyaya qarşı mübarizə ümumxalq işinə çevrilməlidir

OXUNUB: 685 SOSİAL
Müasir dövrdə narkomaniya bütün dünyada narahatlıq doğuran qlobal  problem kimi bəşəriyyətin qarşısında durmaqdadır. Təəssüf ki, "Ağ ölüm” təhlükəsi ölkəmizdən də yan keçməmişdir. Faciəvi nəticələrə gətirib çıxaran narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına deyil, həm də mənəviyyata ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terror mərkəzlərinin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amilə çevrilmişdir.
Ekspertlərin   hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən, dünyada narkotik alveri üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Təbii ki, belə inkişaf sürəti yaxın gələcəkdə ictimai fəlakətə gətirib çıxara bilər. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir. 
Narkotiklərlə bağlı cinayətlərin artım dinamikası problemin cəmiyyət üçün doğurduğu təhlükəni daha da artırır.  Narkomanların say artımı milli genofond üçün ciddi təhdid əmələ gətirir. 
Bu gün narkomaniya probleminin həlli sahəsində geniş tədbirlər kompleksinin həyata keçirilməsi tələb olunur. Narkomaniyaya qarşı məqsədyönlü mübarizə ümumxalq işinə çevrilməlidir.
Sağlam həyat tərzinin təbliği, gənclərin dövlətçiliyə sadiq layiqli vətəndaşlar kimi tərbiyə olunması Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin prioritet vəzifələrindən birini təşkil edir. Azərbaycan Respublikasında narkomaniyaya qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır.
Bu dəhşətli bəlaya qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun yayılmasının və kütləvi xarakter kəsb etməsinin qarşısını ala bilər. Vətənimizdə fəaliiyətə başlamış Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının  Azərbaycan Nümayəndəliyinin əsas məqsədi idmançıların sağlam həyat tərzini, pis vərdişlərdən uzaq olaraq sağlam düşüncəsini təbliğ etmək, yeniyetmə və gənclərə narkotiksiz həyatın uzun və gözəl olduğunu göstərməkdir. Bu sahədə xarici ölkələrin təcrübəsini və beynəlxalq praktikanı yaxından öyrənmək, narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı, görülən tədbirlər və onların nəticələri barədə əhalini, o cümlədən idmançıları  mütəmadi olaraq məlumatlandırmaq, eyni zamanda dövlət, qeyri-hökumət təşkilatları,  xüsusilə gənclər təşkilatları ilə əməkdaşlıq və  işbirliyində fəaliyyət göstərmək bizim qarşıya qoyduğumuz əsas istiqamətlərdən biridir. 
Narkomaniyaya  qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə internet səhifələrində, xüsusilə sosial şəbəkələrdə təbliğat aparılması səmərəli və önəmlidir və bu sahədə atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Lakin bu sahədə fəaliyyət daha da genişləndirilməli, yeni və kreativ aksiyalar həyata keçirilməlidir.

Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının  
Azərbaycan Nümayəndəliyinin rəhbəri 
Cavid Allahverdiyev

RƏYLƏR