Nazir Məcnun Məmmədov BMT və FAO-nun Azərbaycandakı nümayəndələri ilə görüşüb

OXUNUB: 245 İQTİSADİYYAT
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb. 
Nazir Məcnun Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Nazirliyin beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu deyən nazir bildirib ki, ərzaq təhlükəsizliyinin, o cümlədən ölkə əhalisinin keyfiyyətli, sağlam ərzaq məhsulları ilə təmin olunması və kənd yerlərinin inkişafı aqrar siyasətin prioritet istiqamətlərindəndir. Nazir Məcnun Məmmədov əlavə edib ki, Azərbaycan BMT-nin Qida Sistemiləri Sammitində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün "2030 Gündəliyi”nin icrasına dəstək verən ilk ölkələrdən biri olub.
Vladanka Andreyeva Azərbaycanla əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. O, Azərbaycanın BMT-nin Qida Sistemləri Sammitində fəal iştirakının təqdirəlayiq olduğunu vurğulayıb. Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu diqqətə çatdırıblar.  
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni təyin olunmuş Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat ilə görüşüb. 
Nazir Məcnun Məmmədov kənd təsərrüfatı sahəsində ölkəmizdə aparılan islahatlardan söz açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyri-neft sektorunun inkişafına, kənd təsərrüfatı, xüsusilə də ərzaq təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb. 
Bildirilib ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. Görüşdə FAO ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, əməkdaşlıq perspektivləri müzakirə olunub. 
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün böyük potensialın olduğu diqqətə çatdırılıb. Bu ərazilərdə aqrar sahənin inkişafı, bu istiqamətdə fermerlərə dəstəyin göstərilməsi, "yaşıl enerji” və xəstəliklərdən azad zonaların yaradılması, ixrac potensiallı məhsulların istehsalının artırılması, ixracın şaxələndirilməsinin prioritet istiqamətlərdən olduğu qeyd olunub.  Bu istiqamətlərdə FAO ilə gələcək əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. 
FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar isə öz növbəsində Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verildiyini vurğulayıb. Qonaq aqrar sahədə əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
 



 

 

RƏYLƏR