Nazirlik meriyanın tender nəticələrini ləğv etdi - 2 milyonluq yeyintidə...

OXUNUB: 676 İQTİSADİYYAT
Meriyanın tabeliyindəki qurumun tender nəticələri ləğv edilib.

"Ölkə.az”ın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tenderlərinin nəticələrini ləğv edib.

Dövlət xidməti qurumun tabeliyində olan körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evlərində elektrik avadanlıqların təmir olunması işlərinin satın alınması məqsədilə 19.02.2021-ci ildə elan edilmiş və 31.03.2021-ci il tarixdə keçirilmiş müsabiqələrin nəticəsinin ləğv olunmasını və satınalmaların qanunvericiliyin tələblərinə uyğun yenidən keçirilməsini məqsədəmüvafiq hesab edib.

 

Qeyd edək ki, həmin tarixlərdə Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin körpələr evi-uşaq bağçaları,uşaq bağçaları, xüsusi uşaq bağçaları, uşaq evlərində elektrik avadanlıqlarının təmiri işlərinin satın alınması və elektrotexniki avadanlıqlarının təmiri, ehtiyat hissələrinin dəyişdirilməsi və katriclərin doldurulması üzrə 2 tenderi keçirilib. Tenderin qalibləri "Gəmiqaya-S" MMC və "Azərbaycan Respublikasi Maliyyə Nazirliyinin Məlumat Hesablama Mərkəzi" MMC-ıər olub. Şirkətlərlə müvafiq olaraq 215,798 min manat və 39,991 min manatlıq müqavilələr imzalanıb.

Xatırladaq ki, bir müddət əvvəl həmin qurumun 2 milyon manatlıq yeyinti məsələsində adı çəkilmişdi. Belə ki, Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair auditin nəticəsini açıqlamış və bir sıra nöqsanların aşkarlandığı məlum olmuşdu. Mətbuatda isə həmin hesabata əsaslanaraq "2 milyonluq yeyinti” başlığı ilə dərc olunan məqalələrə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri İdarəsindən cavab olaraq bildirilmişdi ki, audit hesabatında söhbət yeyintidən və ya mənimsənilmə faktından deyil, görülən işlərin mal-material uçotunda düzgün əks etdirilməməsindən gedir. 


 

RƏYLƏR