Nizami rayonunda qanunsuz tikiliyə “göz yumulur”- CİNAYƏTİN İZİ İLƏ

OXUNUB: 0 Özəl İQTİSADİYYAT
Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti 7.1 ünvanında yerləşən qanunsuz tikili ilə bağlı ciddi suallar yaranıb. Sözügedən obyekt illərdir qanunsuz şəkildə fəaliyyət göstərir. Maraqlısı isə odur ki, əvvəlki icra başçısının dövründə yaranan bu tikili, indiki icra başçısının dövründə də hələ də yerində qalır və heç bir tədbir görülmür.

Məlumata görə, binanın birinci mərtəbəsində gözəllik salonu, ikinci mərtəbəsində isə restoran fəaliyyət göstərir. Qanunsuz inşa olunmasına baxmayaraq, obyektin fəaliyyəti açıq şəkildə davam edir. Əldə etdiyimiz məlumata əsasən, bu obyekt aylıq 3.000 manat məbləğində icarəyə verilir. Maraqlanan tərəflərə isə sadəcə belə cavab verilir: "Aylıq haqqını verir, işlədir, problem yoxdur.”

Lakin məsələ burasındadır ki, bu cavab nə qanun qarşısında, nə də şəhərsalma prinsiplərinə görə əsaslandırıla bilməz. Bakı Şəhər İcra Hakimiyyətinin və aidiyyəti qurumların dəfələrlə verdiyi göstərişlərə baxmayaraq, Nizami rayonunda bu cür qanunsuz obyektlərin fəaliyyəti davam edir.

Belə bir vəziyyət ictimaiyyətdə haqlı narazılıq doğurur:
Əgər bu tikili qanunsuzdursa — nəyə görə sökülmür?
Əgər aylıq icarə müqabilində fəaliyyət göstərirsə — kimlər bu "icarə haqqından” faydalanır?

Qanun hamı üçün bərabər olmalıdır. Amma görünən odur ki, bəzi hallarda "aylıq ödəniş” qanunu və ədaləti kölgədə qoyur.

Bu cür halların davam etməsi isə təkcə Nizami rayonunun deyil, ümumilikdə Bakı şəhərinin şəhərsalma siyasətinə və hüquqi nizamına zərbə vurur. İctimaiyyət gözləyir ki, məsələ ilə bağlı aidiyyəti orqanlar dərhal araşdırma aparsın və qanunsuz tikilinin aqibəti barədə şəffaf qərar verilsin.
 

RƏYLƏR