Ombudsman illik məruzəsini təqdim etdi

OXUNUB: 462 SOSİAL
Parlamentdə  problemlər sadalandı, təkliflər verildi

Martın 5-də Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Parlament sədri əvvəlcə Bakıda keçirilən Asiya Parlament Assambleyasının iclası haqqında deputatları məlumatlandırdı.  

Cari məsələlər ətrafında çıxış edən komitə sədri Zahid Oruc ölkə Prezidenti və onun ailə üzvlərinin şərəf və ləyaqətinə toxunan çıxışlarla bağlı tədbirlər görməyə çağırdı: "Dövlət başçısının şərəf və ləyaqətini qoruyan qanunvericilik işləmir və biz hər gün müxtəlif informasiya şəbəkələrində prezident və ailəsi əleyhinə sistemli hücumların şahidi oluruq. Xalqın müdafiəsini və təhlükəsizliiyini hifz edən, o cümlədən Silahlı Qüvvələrin Ali Baş Komandanına qarşı informasiya terroru və şər-böhtan kampaniyası aparılır. Birinci şəxsi səbrini sənağa çəkərək onu emosional qərarlara çəkmək istəyirlər”.

Deputat Fəzail Ağamalı Azərbaycana qarşı xain təxribatlardan bəhs etdi. F.Ağamalı daha sonra güneyli bacı-qardaşlarımıza xitab etdi: "Cənublu soydaşlarımıza müraciət edərək deyirəm ki, Vətən müharibəsində olduğu kimi müxtəlif ölkələrdən İran vasitəsilə Ermənistana aparılan silahların qarşısını almaq üçün iradələrini ortaya qoysunlar. Azərbaycanın apardığı siyasət sülhpərvər, bəşəri dəyərlərə söykənən siyasətdir”.
 
 
Deputat Elşən Musayev anti-Azərbaycan çevrələrdən bəhs etdi: "Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibəti hazırda qərəz masştabından, həndəvərindən çıxıb və məlum kontekstdə qərəz sözü artıq yumşaq ifadə kimi səslənir. Ona görə də belə desək, daha doğru olar: Azərbaycanın uğurları onu qısqananların başına sözün gerçək anlamında yekə bir daş salıb”. E.Musayev parlament tribunasından Azərbaycana qarşı namərdcəsinə, nadancasına cəbhə açan şəbəkənin başbilənlərinə, başçılarına səsləndi: "Azərbaycanı öz yürütdüyü müstəqil və milli siyasətdən sapdırmaq, yayındırmaq istəyənin gərək 3 başı olsun. Beləsi isə bildiyim qədər hələ dünyaya gəlməyib”.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov dedi ki, Avropanın içərisində ikili standartlar ilk olaraq elə Avropanın özünü dağıdır: "Bu gün Azərbaycan elə bir gücə və təsirə malikdir ki, onun coğrafiyası həddindən artıq genişdir. Təəssüf ki, Avropanın içərisində ikili standartlar ilk olaraq elə Avropanın özünü dağıdır. Avropa birliyi komissarını bura göndərir və yüksək səviyyədə iclas keçirilir. Ən yüksək səviyyədə Azərbaycanın rolu vurğulanır. Eyni təşkilatın parlament qurumu bir gün əvvəl Azərbaycana qarşı ədalətsiz, qərəzli yalanla və böhtanla dolu qərar qəbul edir. Bütün bunlar ona dəlalət edir ki, Avropanın içərisində böyük krizis yaşanır və bu da ikili standartlar krizidir. Bu nöqteyi-nəzərdən Azərbaycanın xarici siyasətinin coğrafiyasının genişləndirilməsi ən vacib məsələdir. Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatlarda söz sahibidir, Şərq və Qərb arasında körpüyə çevrilib, yüksək səviyyəli ölkə kimi təqdim edilir”.

Deputat Məlahət İbrahimqızı dövlət başçısının andiçmə mərasimində səsləndirdiyi fikirlərə istinad edərək konkret təşəbbüslə çıxış etdi: "Bu il Bakının erməni daşnaklarından azad edilməsində müstəsna rolu olan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın anadan olmasından 135 il keçir. Bakının və Azərbaycanın erməni daşnaklarından təmizlənməsindən 75 il ötür. Artıq zaman yetişib ki, biz Nuru Paşanın adının əbədiləşdirilməsi istiqamətində konkret addımlar ataq”.

Eyni zamanda deputat Bakının görkəmli yerlərinin birində Nuru Paşanın abidəsinin ucaldılmasını təklif etdi.
 
Daha sonra İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” 2023-cü il üzrə məruzəsini təqdim etdi. "2023-cü ildə ombudsmanın ünvanına 29.411 müraciət daxil olub”, - deyən S.Əliyeva bildirdi ki, 2022-ci illə müqayisədə müraciətlərin sayı təxminən 10% çoxalıb: "Dövlət orqanları, bələdiyyələr, tabeliklərində olan hüquqi şəxslər, o cümlədən publik hüquqi şəxslər, büdcə təşkilatları, onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə bu müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada baxılmış və müvafiq tədbirlər həyata keçirilib”.
 
Səbinə Əliyeva erməni ombudsmanının iddialarına cavab verdi
S.Əliyeva qeyd edib ki, işçilərin əmək hüququnun etibarlı müdafiəsi məqsədilə müəssisə birləşmə, bölünmə və yaxud ayrılma formasında yenidən təşkil olunduqda və ya müəssisənin mülkiyyətçisi dəyişdikdə işçilərlə əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması zəruridir: "Müddətli əmək müqaviləsi fasiləsiz olaraq davam etdiyi hallarda onun müddətsiz əmək müqaviləsi hesab edilməsi məqsədilə müəyyən edilmiş 5 ildən artıq müddətin 3 ilə endirilməsi ilə bağlı Əmək Məcəlləsinə dəyişikliklər edilməsi məqsədəmüvafiqdir. Məktəbəqədər, orta və ali təhsil müəssisələrində qidanın təhlükəsizliyinə və rasionuna diqqət daha da artırılmalı, yetkinlik yaşına çatmayanlar üçün qəbul edilməsi qadağan olunan və ya məqsədəmüvafiq hesab edilməyən qida məhsullarının satışına nəzarət isə gücləndirilməlidir. Bu sahədəki çatışmazlıqların vaxtında aşkar edilməsi üçün müntəzəm olaraq planlı və plandankənar monitorinqlərin keçirilməsi də vacibdir”.

Ombudsman qeyd etdi ki, uşaqların, xüsusilə qızların təhsildən yayındırılması, erkən evlilik, cəmiyyətdə, ailədə və təhsil müəssisələrində uşaqlara qarşı baş verən zorakılıq halları ciddi narahatlıq doğurur: "Bu halların qarşısının alınması məqsədilə valideyn və təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir. Uşaqlara qarşı zorakılığın mənfi nəticələri, zorakılığın yolverilməzliyi və ondan müdafiə mexanizmləri barədə maarifləndirmə tədbirlərinin gücləndirilməsinə, peşəkar və ixtisaslaşmış psixoloqlar cəlb edilməklə təhsil müəssisələrində mövcud psixoloq ştatlarının şagird sayına uyğun artırılmasına son dərəcə böyük ehtiyac vardır. Narkotik asılılığından əziyyət çəkən yetkinlik yaşına çatmayan şəxslərin müalicəsinin təşkili məqsədilə ixtisaslaşdırılmış tibb müəssisələrində müvafiq şöbələrin yaradılması, narkoloji müalicə müəssisələrindəki sıxlığı və müalicə gözləyən şəxslərin sayının çoxluğu nəzərə alınaraq, belə müəssisələrin sayının artırılması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir üsulların tətbiq edilməsi üzrə tədbirlər görülməlidir”.
S.Əliyeva bildirdi ki, ötən əsrin ortalarından etibarən Bakı şəhərində, ətraf qəsəbə və kəndlərdə, o cümlədən keçmiş birgə təsərrüfatlara (sovxozlara) məxsus ərazilərdə müxtəlif şəxslər tərəfindən zəbt edilmiş torpaq sahələrində qanunsuz tikilmiş, habelə bələdiyyələr tərəfindən fərdi tikinti üçün verilmiş torpaq sahələrində inşa olunmuş evlərin dövlət qeydiyyatına alınması problemi də öz həllini tapmalıdır. Əlavə etdi ki, qeydiyyat probleminin həlli məqsədilə yaşayış yeri olmayan vətəndaşların Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsindən sonra yaranan riskli hallar nəzərə alınaraq, Nazirlər Kabinetinin müvafiq sərəncamına dəyişikliklər edilməsi də olduqca vacibdir: "Doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi ala bilməyən və ya şəxsiyyət vəsiqəsi olmadığı üçün təkrar doğum haqqında şəhadətnamə ala bilməyən yetkinlik yaşına çatmış vətəndaşların bu sahədə hüquqlarının təmini məqsədilə müvafiq qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi zəruridir. Şəxsin ölkədən çıxışına qoyulmuş məhdudiyyət barədə onun məlumatlandırılmaması, bununla bağlı məlumatın yalnız şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun dəyişdirilməsi, yaxud da sərhədi keçərkən bildirilməsi digər hüquqların da məhdudlaşdırılmasına səbəb olur. Odur ki, ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatların "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edildiyi andan həmin vətəndaşlara bildirişin göndərilməsinin məcburiliyi ilə bağlı müddəaların qanunvericiliyə daxil edilməsi də məqsədəmüvafiqdir. İnformasiya sahibinin tələb edilən məlumatı internet informasiya ehtiyatlarında açıqlamaması, informasiya sorğularına qanunvericiliklə müəyyən olunmuş müddətdə baxmaması, natamam məlumat verməsi və ya cavablandırılmasından əsassız imtina etməsi barədə şikayətlərlə bağlı səlahiyyətli qurumlara sorğular göndərilmiş, müraciətlər təmin olunub. Hüquq və azadlıqların məhkəmə təminatı hüququnun daha etibarlı müdafiəsi məqsədilə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyi ilə yaradılmış səmərəli əməkdaşlıq əlaqələri şikayətlərin araşdırılmasında, mövcud problemlərin müəyyən edilməsində və operativ həllində əhəmiyyətli olub".



Deputat Qüdrət Həsənquliyev çıxışında əvvəlcə insan hüquqları üzrə müvəkkil Səbinə Əliyevaya insan hüquqlarının qorunması istiqamətində gördüyü işlərə görə təşəkkürünü bildirdi. Ardınca məruzədə xüsusi diqqətini çəkən və insanları çox narahat edən bir məsələdən danışmaq istədiyini vurğuladı. Bildirdi ki, bu, həm də ölkəmizin iqtisadi inkişafı ilə bağlı olan məsələdir. Deputat mülkiyyət toxunulmazlığı məsələsindən bəhs etdi. Qeyd etdi ki, "məruzənin 38-ci səhifəsində qeyd olunur ki, son dövrlərdə Bakı şəhərində pilot layihələr üzərindən çox sayda köhnə çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evləri sökülərək yeni binalarla əvəzlənməkdədir. Söküntülər zamanı sakinlərə uyğun kompensasiya məbləğinin hesablanmaması, eyni zamanda mənzil sahiblərinə kirayə haqqının ödənilməməsi, yaxud ödənişin vaxtında həyata keçirilıməməsi vətəndaşların haqlı narazılığına səbəb olmuşdur”. Azərbaycanda hamımız bilirik ki, müəyyən tikinti şirkətləri var ki, onlar tikintiyə icazə almadan həm söküntü işləri aparır, həm də tikintiyə başlayırlar: "Heç bir dövlət orqanı da onları dayandırmaq gücündə deyil. Bununla bağlı məhkəmə qərarı olmuş olsa da, belə məhkəmə qərarları açıq şəkildə icra olunmur. Konstitusiyanın 29-cu maddəsində qeyd olunur ki, mülkiyyət hüququ - yəni heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Amma bizdə bilirsiniz, arxayın tikinti şirkətləri var. Bilirlər ki, onları heç kim hüquqi məsuliyyətə cəlb edə bilməyəcək”.

Müzakirələrdən sonra məruzə qəbul olundu.

RƏYLƏR