Orxan İlhamə Quliyevanın bacıları ilə miras davasına qalxır: "Mənə düşən payı tələb edirəm"

OXUNUB: 828 ŞOU-BİZNES

Mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov əməkdar artist Firuzə İbadovanın "Onun mənə 4 min dollar borcu var" iddiasına cavab verib.

İcmal.Az xəbər verir ki, o, cebhe.info-ya açıqlamasında bildirib ki, Firuzə İbadovaya ödəniləcək məbləğ 4 min ABŞ dolları deyil.

"Hər dəfə məbləğ dəyişilir. İndi də 4 min dollar olub? Gah, deyir ki, 4 min dollardır, gah da "4 min manatdır" deyir. Dünən 4 min manat idi, bu gün artıq 4 min dollar olub. Mən belə başa düşürəm ki, üstündən 5-6 ay keçsə, yəqin məbləğ 40 min manat olacaq (gülür). Mən bugünlərdə məsələ ilə bağlı mətbuat konfransı keçirib, bütün anlaşılmazlıqlara aydınlıq gətirəcəyəm. Əslində, Əli Mirəliyevin sözündə çox böyük həqiqət var. Haqqım olduğu halda, mirasdan mənə pay düşmədi. Amma hələ məsələr bitməyib, mübarizə davam edir. Yəni, mən mübarizəmi aparıram, haqqımı tələb edirəm. Sona qədər də belə davam edəcəyəm. Onlardan ancaq mənə düşəni istəyirəm. Bu dünyadan Sultan Süleyman heç nə aparmayıbsa, dünya malına bu qədər tamah salmaq olmaz.  Milyonları istəmirəm, mənə düşən payı tələb edirəm", - O.Nadirov söyləyib. 

Xatırladaq ki, Firuzə İbadova ötən gün bizimlə söhbətində bildirib ki, 2 il öncə Vüqar Bəkirovla Orxan Nadirov onun qızı Humaya işə düzəldəcəklərinə dair vəd veriblər. Bunun qarşılığı olaraq isə pul istəyiblər. Məsələdən mərhum İlhamə Quliyeva da xəbərdar imiş:

 

"Qızımı işə düzəltmək istəyirdim. Dedilər ki, düzəldərik. İlhamə xanım özü mənə dedi ki, Firuzə pulu ver, işi görəcəyəm. Orxanla Vüqar dedi ki, hörmət eləmək lazımdır. O hörmət də 4 min dollar, 3 min manat idi. 3 min manatı elə xəstəxanadaca onlara verdim. Sonra isə İlhamə xanımdan xəbərsiz məndən 4 min dollar istədilər. Həmin məbləği toplamaq üçün bütün qızıl-zinət əşyalarımı "Rabitəbank"a qoyub, pul götürüb, onlara verdim. 3 min manatı qaytardılar, 4 min dolları isə vermədilər. İlhamə xanım özü də sağlığında dedi ki, yaz ver prokurorluğa. Əlavə elədi ki, 3 min manatı bilirdim. 4 min dolları niyə səndən alıblar? Yəni, İlhamə xanımdan xəbərsiz pulu məndən almışdı. O da dedi ki, şikayət et. Mən də prokurorluğa şikayət ərizəsi yazıb verdim.  2 ildir şikayətim prokurorluqdadır. Dəfələrlə yazılı müraciət edirəm, hər dəfə də cavab gəlir ki, bilirik, nəticə olacaq. Bu illər ərzində pulum gəlmir. Sən demə, heç nüfuzum da yox imiş... Özümü bir az əzilmiş kimi hiss etdim. Orxan deyir ki, mənim heç nəyim yoxumdur. Var-dövlət kimə qalıb, ondan da pulunu istə. Ona görə də, aparıcı Elgiz Əkbər verilişində İlhamə xanımın bacılarına müraciət etdi. Dedi ki, Orxan onun pulunu vermir. İlhamə xanımın var-dövləti sizə qalıb, Firuzə xanımın pulunu qaytarın. Axı onun o pula ehtiyacı var, yazıq qalıb pis vəziyyətdə. Oradan-ora köçürəm, buradan-bura... Verin mənim pulumu. Günahdır axı?! Mən danışan adam deyiləm, onu da Elgiz dedi. Yoxsa, efirə çıxmağını istəmirdim".

Sonda onu da qeyd edək ki, Əli Mirəliyev ARB TV-nin "Səhər-səhər" verilişində iddia edib ki, mərhum sənətkar İlhamə Quliyevanın vəfatından sonra bankdakı 380 min manat pulu, evləri, bağ evləri, qızıl-zinət əşyaları, bir sözlə, mal-mülkü bacıları İradə və Gülbahar arasında bölüşdürülüb.

İcmal.Az

RƏYLƏR