Pakistandan Azərbaycana yeni gətirilmiş çəltik sortları açıq sahələrə köçürülüb

OXUNUB: 220 Özəl İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Toxum Fondu tərəfindən Pakistan İslam Respublikasından Azərbaycana gətirilən yeni çəltik sortları istixanalardan açıq sahələrə köçürülüb.
Cənub zonasının fermerləri tərəfindən yeni sortların sınağı uğurla həyata keçirildikdən sonra əkinə yararlı açıq sahələrə köçürülüb. 
Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov, Fondun aqronomu və mütəxəssisləri fermer və təsərrüfat sahibləri ilə əkin sahələrində görüşlər keçirib, aparılan aqrotexniki qulluq işləri ilə maraqlanıblar. Sərxan Sərxanov bildirib ki, fermerlərlə görüşlərin əsas məqsədi çəltikçilik sahəsində Dövlət Proqramından irəli gələn məsələləri həll etmək, çəltik sahələrini artırmaq, məhsuldarlığı və məhsulun keyfiyyətini yüksəltmək, ixracyönümlü, rəqabət qabiliyyətli məhsul istehsalını genişləndirməkdir.
Azərbaycan Çəltikçilik Assosiasiyasının sədri Rövşən Əliyev bildirib ki, cənub zonasında çəltikçilik artıq ənənəvi sahədir və torpaq mülkiyyətçiləri bol məhsul üçün aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə görülməsinə ciddi diqqət yetirirlər.
Dövlət Toxum Fondundan alınan yeni çəltik sortlarından bu il yüksək məhsuldarlıq gözlənilir. Qeyd edək ki, əkinqabağı sahələrdə hamarlama, tirləmə işləri aparılıb və normaya uyğun su ilə doldurulub. Hazırda sahələrdəki su dəyişdirilir, alaq otlarına qarşı mübarizə tədbirləri görülür. 
Xatırladaq ki, Dövlət Toxum Fondu tərəfindən ölkəmizə idxal olunan yeni "KS-282”, "KSK-133”, "PK-386” və "Chenab Basmati” çəltik sortları tezyetişən, məhsuldar və xəstəliklərə qarşı davamlıdır. Bitkinin hündürlüyü 100 sm, dənin uzunluğu 6.7 mm olmaqla məhsuldarlığı 10t/ha təşkil edir.
 
 



RƏYLƏR