Parlament ölçüsündə faydalı əməkdaşlığın yeni mərhələsi

OXUNUB: 197 index-manşet SİYASƏT
Əli  Hüseynli

Milli Məclisin deputatı

Getdikcə qloballaşan dünyada beynəlxalq həmrəylik prioritet məsələyə çevrilib və təcrübə göstərir ki, bu prosesdə parlament diplomatiyasının rolu  getdikcə artmaqdadır. Çünki mövcud problemlərin həlli ilə bağlı parlamentlərin üzərinə daha çox vəzifələr düşür. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) mayın 17-də Bakıda keçirilmiş Üçüncü Ümumi Konfransı böyük siyasi əhəmiyyətə malikdir.

Asiya qitəsinin 10 ölkəsinin (Azərbaycan, Türkiyə, Pakistan, İran, Əfqanıstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan) birləşdıyi İƏT üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli faydalı əməkdaşlıq platforması rolunu oynayan və onun inkişafına əhəmiyyətli töhvə verən mühüm beynəlxalq regional qurumdur.

"Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusuna həsr olunmuş toplantıda ötən dövrdə görülən işlərlə bağlı İkinci Ümumi Konfransın hesabatı iştirakçıların nəzərinə çatdırılıb. Mövzu olduqca aktualdır. Belə ki, COVID-19 pandemiyası qlobal iqtisadiyyata, səhiyyəyə və ictimai həyatın bütün sahələrinə kəskin şəkildə təsir göstərməklə ciddi çətinliklər yaradıb.

Konfrans iştirakçıları Azərbaycan Respublikasının bu istiqamətdə bir sıra uğurlu qlobal təşəbbüsləri barədə iştirakçılar geniş məlumat əldə ediblər. Belə ki, Qoşulmama Hərəkatının sədri qismində ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilib, ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən "COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edilib. Digər tərəfdən, Azərbaycan pandemiyadan ən çox əziyyət çəkən ölkələrə maliyyə və humanitar yardım göstərib, xəstəlik əleyhinə peyvənd ianə edib.

Dövlətimizin başçısı artıq pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsi təşəbbüsünü irəli sürüb.

Pandemiyaya qarşı mübarizə ilə bağlı, o cümlədən sosial məsələlərin nəzərə alınması, maliyyə resurslarından səmərəli istifadə edilməsi sahəsində qəbul olunmuş qərarların qanunvericilik baxımından dəstəklənməsi  çox önəmlidir. Digər tərəfdən, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi regional əməkdaşlıq formatları postpandemiya dövründə bərpa məsələləri üzrə səylərin birləşdirilməsi və həmrəyliyin nümayiş etdirilməsi baxımından yaxşı imkanlar vəd edir. Ona görə də mövcud dialoq çərçivəsində aparılan fikir və təcrübə mübadilələrinin, irəli sürülən yeni ideyaların, parlamentlərin mümkün birgə fəaliyyət təşəbbüslərinin bu prosesə töhfə verəcəyinə inam böyükdür. Region ölkələrinin bütün sahələrdə, o cümlədən parlamentlər səviyyəsində qarşılıqlı faydalı əməkdaşlığının daha da inkişaf etdirilməsi artıq yeni çağırış olaraq zamanın vacib tələbinə çevrilib.

Konfrans bir sıra mühüm məqamlarla yadda qalıb.  Toplantıda Bakı Bəyannaməsi təsdiq edilib. Həmçinin növbəti mərhələ üçün sədrlik Pakistan İslam Respublikasının Milli Assambleyasından Azərbaycan Respublikasının Milli Məclisinə keçib.

Regionda sosial-iqtisadi tərəqqiyə təkan vermək baxımından bu beynəlxalq miqyaslı tədbir özündə vacib məqamları ehtiva edir. İƏTPA-nın Üçünçü Ümumi Konfransının Azərbaycanda keçirilməsi həm də 44 günlük Vətən müharibəsindən sonra dövlətimizin bölgədə yaratdığı yeni reallıqların nümayişi baxımından əhəmiyyətlidir. Toplantının gedişində Ermənistanın Azərbaycana 30 illik təcavüzü və münaqişənin həlli ilə bağlı müfəssəl məlumat alan iştirakçılar növbəti gün Şuşa şəhərinə səfər çərçivəsində bir tərəfdən erməni vəhşiliyinin izlərini, digər tərəfdən isə azad Qarabağda vüsət alan bərpa və abadlıq işlərini əyani şəkildə müşahidə etmək imkanı əldə ediblər.

Bu, həm də üzv dövlətlərin sülh və tərəfdaşlıq tərəfdarı olan dövlətimizin qüdrətinə inamının güclənməsi və onların diqqətinin bu ərazidəki yeni quruculuq prosesinə cəlb edilməsi baxımından  mühüm amildir. Belə ki, bütövlükdə regionun iqtisadi potensialının tam şəkildə reallaşdırılması üçün mühüm şərt kimi nəqliyyat-kommunikasiya xətlərinin və tranzit yollarının diversifikasiyası mühüm aktuallıq kəsb edir. Ən müasir nəqliyyat infrastrukturuna malik Azərbaycan bu istiqamətdə öz imkanlarını tərəfdaşlarına təqdim edir. Zəngəzur dəhlizinin açılması ilə İƏT ölkələri üçün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindən bəhrələnmək imkanı yaranır.

Üçüncü Ümumi Konfransın yekunları həm də xalqlarımızın birgə tarix, mədəniyyət, ənənələr və din ətrafında birləşdiyini bir daha nümayiş etdirdi. Üzv ölkələrin nümayəndələri öz çıxışlarında təşkilatın hədəf və məqsədlərini reallaşdırılmasını dəstəkləməklə yanaşı, parlamentlər arasında əlaqələrin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verəcəyinə əmin olduqlarını ifadə etmiş, ölkələr arasında iqtisadi, ticarət, nəqliyyat, turizm sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu barədə fikirlərini bölüşmüşlər.

Beləliklə, Azərbaycan dövləti parlament ölçüsündə əlaqələrin gücləndirilməsinə böyük diqqət yetirir, parlament diplomatiyası regional inteqrasiya və inkişafa töhfələr verməkdə davam edir. Üzv parlamentlər arasındakı əlaqələrin daha da genişlənməsinə xidmət edən addım olaraq Milli Məclis tərəfindən İƏTPA-nın Nizamnaməsinin ratifikasiya olunması onun bu qurum çərçivəsində fəaliyyətinə xüsusi önəm verdiyinin nümayişidir.

RƏYLƏR