Polad Mehdiyev: "Bakı artıq Cənubi Qafqazın əsas enerji və nəqliyyat qovşağı kimi tanınır"

OXUNUB: 44 GÜNDƏM Özəl SİYASƏT

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü təkcə bir diplomatik hadisə deyil, Türk dünyasının gələcək strateji xəritəsinin formalaşdığı mühüm mərhələ kimi dəyərləndirilməlidir. "Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunan toplantı Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasına yeni nəfəs verəcək. Qəbələnin ev sahibliyi etməsi isə Azərbaycanın artan beynəlxalq nüfuzunun, İlham Əliyevin regional və qlobal səviyyədə strateji liderliyinin göstəricisidir.

TDT artıq sadəcə mədəni və tarixi bağlarla məhdudlaşan birlik deyil, həm də müstəqil siyasi mərkəzə çevrilməkdədir. Bu istiqamətdə İlham Əliyevin təşəbbüsləri həlledici rol oynayır. Azərbaycan Prezidenti hələ 2020-ci ildən etibarən Türk dövlətlərinin koordinasiyasının gücləndirilməsi, müstəqil qərar mexanizmlərinin yaradılması və Türk dünyasının qlobal arenada vahid mövqedən çıxış etməsi istiqamətində ardıcıl siyasət aparır. Qəbələdə keçirilən Zirvə bu siyasətin məntiqi davamıdır.

Azərbaycan üçün bu sammit həm regional lider statusunun möhkəmləndirilməsi, həm də yeni iqtisadi və təhlükəsizlik platformalarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Bakı artıq Cənubi Qafqazın əsas enerji və nəqliyyat qovşağı kimi tanınır. TANAP, Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi layihələr Azərbaycanın tranzit imkanlarını genişləndirir. TDT çərçivəsində bu istiqamətdə aparılan danışıqlar Mərkəzi Asiya ilə Qafqazı birləşdirən yeni inteqrasiya modelinin formalaşmasına gətirib çıxara bilər. Bu, həm də Azərbaycanın iqtisadi dayanıqlığını artırmaq, enerji marşrutlarının diversifikasiyasını təmin etmək və bölgənin strateji əhəmiyyətini yüksəltmək deməkdir.

Zirvənin əsas gündəmini təşkil edən "Regional sülh və təhlükəsizlik” məsələsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Ermənistanla sülh prosesi, sərhədlərin demarkasiyası, Zəngəzur dəhlizi və ümumən Cənubi Qafqazda sabitliyin təmin olunması məsələləri bu platformada daha geniş müzakirə ediləcək. Azərbaycan bu istiqamətdə həm regiondaxili sabitliyin qarantı, həm də Türk dünyasının qərarverici gücü kimi çıxış edir. İlham Əliyevin liderliyi ilə aparılan siyasət Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini möhkəmləndirib və ölkəni regionda sabitlik modelinə çevirib.

Qəbələdə keçirilən Zirvənin diplomatik tərəfləri ilə yanaşı, simvolik əhəmiyyəti də böyükdür. Tarixi və mədəni irsi ilə seçilən bu şəhər Türk dünyasının birliyinin mənəvi paytaxtı kimi təqdim olunur. Bu, eyni zamanda Azərbaycan mədəniyyətinin, turizminin və iqtisadi potensialının nümayişi baxımından da strateji seçimdir.

TDT Zirvəsində qəbul ediləcək bəyannamələr və qərarlar Türk dövlətlərinin qarşılıqlı əməkdaşlığını yeni mərhələyə çıxaracaq. Azərbaycanın təklif etdiyi mexanizmlər – ticarət dövriyyəsinin sadələşdirilməsi, investisiya təşviqi, rəqəmsal texnologiyalar və müdafiə sahəsində birgə fəaliyyət – TDT-nin gələcək illərdə iqtisadi ittifaq modelinə yaxınlaşmasını təmin edə bilər.

İlham Əliyevin bu Zirvədə oynayacağı rol xüsusi önəm daşıyır. Onun çıxışı və diplomatik manevrləri TDT-nin gələcək strategiyasına istiqamət verəcək. Prezidentin məqsədi Türk dövlətlərini qlobal güc mərkəzi kimi birləşdirmək, hər bir üzv ölkənin potensialını ümumi maraqlar naminə səfərbər etməkdir. Bu baxımdan Qəbələ sammiti həm siyasi, həm də ideoloji baxımdan "Yeni Turan dövrü”nün başlanğıcı sayıla bilər.

Zirvə sonrası qəbul olunacaq qərarların effektiv icrası təşkilatın gələcək çəkisini müəyyən edəcək. Azərbaycan bu istiqamətdə həm sədr ölkə kimi, həm də təşəbbüskar dövlət olaraq əsas rolu öz üzərinə götürür. İlham Əliyevin liderliyi sayəsində TDT-nin institusional inkişafı, qərar mexanizmlərinin təkmilləşdirilməsi və vahid mövqedən çıxış edən Türk diplomatiyasının formalaşması daha real görünür.

Beləliklə, Qəbələdə keçirilən Zirvə görüşü həm Azərbaycanın dövlət maraqlarının təmin olunması, həm də Türk dünyasının gələcək inteqrasiyası baxımından tarixi hadisədir. Bu toplantı Türk dövlətlərinin qlobal siyasi nizamda öz yerini müəyyənləşdirməsi üçün yeni mərhələnin başlanğıcını qoyur. Azərbaycanın liderliyi ilə formalaşan bu yeni mərhələ "bir millət, beş dövlət” ideyasından daha geniş bir məzmun qazanaraq, Türk dünyasının qlobal səviyyədə iqtisadi, siyasi və mədəni qüvvəyə çevrilməsinin əsasını yaradır.

Polad Mehdiyev
Politoloq
7NEWS.az

RƏYLƏR