Polad Mehdiyev: "Bu Zəfərin ən mühüm siyasi simvolu cənab Prezident İlham Əliyevin liderliyidir"

OXUNUB: 25 Özəl SİYASƏT

"Azərbaycanın və regionun müasir tarixində dönüş nöqtələrindən biri 2023-cü ilin 19–20 sentyabrında Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatı oldu. Bu əməliyyat həm hərbi, həm siyasi, həm də hüquqi baxımdan ölkəmizin suverenliyini tam təmin edən tarixi hadisədir."

Bu sözləri 7news.az-a açıqlamasında politoloq Polad Mehdiyev deyib: "Vətən müharibəsindən sonra imzalanmış 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına baxmayaraq, Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın ərazisindən çıxarmadı. Əksinə, Qarabağda 10 mindən çox hərbi qüvvə saxladı, silah-sursat gətirdi və təxribatlar törətdi. 2023-cü ilin sentyabrında baş verən mina partlayışları nəticəsində mülki şəxslərin və hərbçilərin şəhid olması artıq Azərbaycanın hərbi əməliyyatlara başlamaq məcburiyyətini yaratdı .
Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat zamanı Azərbaycan Ordusu yüksək dəqiqliklə erməni silahlı dəstələrinin mövqelərini, texnikasını və infrastrukturunu sıradan çıxarılaraq bütün ərazi  nəzarətə götürüldü, yüzlərlə texnika və minlərlə silah ələ keçirildi. Əməliyyat xüsusi göstərişlə həyata keçirildi və mülki əhalinin qorunması əsas prioritet oldu. Əhali SMS, səsgücləndirici və vərəqələr vasitəsilə xəbərdar edilərək təhlükəsizliyi təmin edildi .

Təbii ki, antiterror əməliyyatının bir sıra mühüm siyasi və hüquqi nəticələr oldu.
1- Qarabağdakı qondarma qurum özünü buraxdığını elan etdi, separatçı liderlər təslim oldu.
2- Ölkəmizin tam suverenliyinə nail olundu. Xankəndi, Xocalı, Ağdərə, Əsgəran da daxil olmaqla bütün ərazilərdə Azərbaycan bayrağı qaldırıldı.
3- Reinteqrasiya prosesi başladı. Ermənistan icmasının nümayəndələri bir gün əvvəl imtina etdikləri danışıqlara məcburən oturdular və Yevlax görüşü baş tutdu.
4- Azərbaycan öz Konstitusiya quruluşunu bərpa etmək və ərazi bütövlüyünü təmin etmək üçün legitim güc tətbiq etdi. Əməliyyat həm də beynəlxalq humanitar hüquq normalarına uyğun aparıldı – mülki şəxslər qorundu, tibbi və sosial dəstək göstərildi .

Bu Zəfərin ən mühüm siyasi simvolu cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyidir.
İllərlə diplomatik müstəvidə etdiyi xəbərdarlıqlar nəticə vermədikdə, dövlət başçısı qətiyyətli hərbi qərar qəbul etdi. Əməliyyat peşəkar şəkildə idarə olundu, hərbi və siyasi nəticələr bir gün ərzində təmin edildi. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev şəxsən Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Dövlət Bayrağını qaldıraraq suverenliyin tam bərpasını təsdiqlədi .

Nəticədə 19–20 sentyabr 2023-cü il antiterror əməliyyatı Azərbaycan tarixində dövlət suverenliyinin tam bərpa edildiyi gün kimi yadda qaldı. Bu uğur həm Azərbaycan Ordusunun qəhrəmanlığının, həm də cənab Prezident İlham Əliyevin siyasi iradəsinin və strateji liderliyinin nəticəsi oldu. Əməliyyatın ardınca təsis edilən Dövlət Suverenliyi Günü məhz bu tarixi Zəfərin simvoluna çevrildi."
 

RƏYLƏR