"Dövlət başçımız başda olmaqla, hüquq-mühafizə orqanları, rayon icra hakimiyyətləri narkomaniyaya qarşı mübarizə aparır. Ancaq mülki şəxslər arasında bizi dəstəkləyənlərin sayı çox azdır. Biz bununla təcrübədə qarşılaşırıq".
İcmal.Az-ın "APA TV"-yə istinadla xəbərinə görə, bu fikirləri Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov 252 nömrəli məktəb-liseydə keçirilən tədbirdə səsləndirib. "Narkomaniya bəşəriyyətin bəlasıdır!" və "Erkən nikaha "yox" deyək!" mövzularında keçirilən tədbirdə 100-dən çox müəllim və şagird heyəti, Sabunçu RPİ-nin zabit heyətinin, Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə "Narkomaniya bəşəriyyətin bəlasıdır!" adlı sənədli filmə baxılıb.
Çıxış edənlər ölkədə törədilən cinayətlərin 70-80 faizinin narkotik vasitələrin təsiri ilə və sərxoş vəziyyətdə olanların törətdiyini qeyd edib. Xüsusilə gənclərin narkomaniya bəlasına yuvarlanmasının qarşısını almaq üçün belə tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.
Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov ölkədə narkomaniyanın və dini-radikalizmin yayılmasında xarici qüvvələrin fəaliyyət göstərdiyini deyib: "Ölkə xaricindən gələn qüvvələr stabilliyi pozmaq üçün narkomaniyanı və dini-radikalizmi yaymaqla, təəssüf ki, müəyyən işlər görürlər. Sözsüz ki, buna külli miqdarda maliyyə vəsaitləri xərclənir. Bir narkoman çox qısa vaxtda 30-40 adamı başına toplaya bilər. Özünüzü qoruyun. Bu gün müxtəlif həblər vasitəsilə onların məktəbdə yayılmasına cəhd oluna bilər. Heç kəs arxayınlaşmasın.
Burada olmağımızın məqsədi də sizi maarifləndirməkdir".
Çıxışlar zamanı məktəb rəhbərliyinə, müəllimlərə tapşırıldı ki, siqaretə, narkotikə meyilli şagirdlər qeyd olunaraq diqqət mərkəzində saxlanılsın, azyaşlı qızların erkən evliliyinin qarşısının alınmasında hüquq-mühafizə orqanlarına kömək edilsin.
Görüş məktəblilərin sual-cavabları ilə diskussiya şəklində sona çatıb.
İcmal.Az