Politoloq: Rəsmi Paris Suriyada varlığını gücləndirmək istəyir

OXUNUB: 627 DÜNYA

Makron Ərdoğanla sıx dialoq yolu ilə Suriyada varlığını gücləndirmək istəyir.

İcmal.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O xatırladıb ki, ABŞ dövlət katibi Reks Tillerson bir müddət əvvəl Türkiyəyə gəlib və prezident  Rəcəb Tayyib Ərdoğanla, o cümlədən, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə Suriyada əməkdaşlıq vədi verib, ortaq mexanizmlər təklif edib.

"Bu əməkdaşlığın reallaşmayacağını, Vaşinqtonun vədini yerinə yetirməyəcəyini və "ortaq mexanizmlərin” işləməyəcəyini elə Tillersonun Ankaradakı görüşləri zamanı yazmışdım. Heç nə dəyişmədi”, - deyən politoloqun sözlərinə görə, ABŞ əvvəlki kimi, PKK/PYD cütlüyünə dəstək verir.

Pentaqon Suriyada minatəmizləmə təlimlərinin fotoşəkillərini paylaşır, üstəlik, Vaşinqtondan açıqlama gəlir ki, Türkiyə Suriyadakı atəşkəsə riayət etməlidir:

"Ortaq mexanizmlər söz olaraq qaldı. Beləcə, Ankara-Vaşinqton xəttində gərginlik davam edir. Bu arada, Fransa "bölgədə mən də varam” deməyə çalışır. Paris Suriyada atəşkəsin vacibliyindən danışır, Fransa prezidenti Emmanuel Makron tez-tez Ərdoğana zəng edərək, dərdləşir.

Fransa Avropa Birliyinin iki aparıcı dövlətindən biridir, Almaniya ancaq köhnə qitənin problemləri ilə məşğuldur, çox uzaqlara getmək istəmir.

Makron Ərdoğanın Suriyadakı planlarına mane olmayana qədər Türkiyə əməkdaşlığa ümid edə bilər. Hələlik Paris Vaşinqtondan fərqli olaraq, Ankaraya maneə yaratmır, Türkiyəyə "hücumu dayandır” və ya "atəşkəsə riayət et” mesajları göndərmir.

Görünür, Makron Ərdoğanla sıx dialoq yolu ilə Suriyada varlığını gücləndirmək istəyir”.

İcmal.Az

RƏYLƏR